Tofiq Abbasov: "Ararat Mirzoyan bu səfərdən əli dolu qayıtmayacaq"

13 Noyabr 2023 19:29 (UTC+04:00)

"Böyük Britaniya əlbəttə ki, Cənubi Qafqazda marağı olan ölkədir. Britaniya siyasi dairələri burda baş verənlərlə bağlı həm məlumatlıdırlar həm də anlayırlar ki, hansı ölkə tarixin hansı tərəfindədir. Əgər Azərbaycan işıqlı tərəfindədirsə, Ermənistan təbii ki qaranlıq tərəfindədir. Çünki, biz heç bir ölkəyə hədələr yağdırmamışıq və ərazi iddiası irəli sürməmişik. Ancaq Ermənistan bizə qarşı işğalçılıq siyasəti ilə yanaşı həmçinin digər ölkələrə də ərazi iddiası irəli sürür".

Bunu AzNews.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

O, Britaniya diplomatiyasının əslində çox səlist oyun apara bildiyini deyib və əlavə edib ki, ümumiyyətlə iki-üç əsr ərzində bizim bölgə ilə bağlı son dərəcə məlumatlıdırlar.

"Britaniya cərəyanların nədən qaynaqlandığını gözəl anlayır. Düzdür, oradakı Kerolayn Koks adlı lord bir xanım demək olar ki, Azərbaycanı hər zaman nifrətlə qarşılayıb. Buna baxmayaraq biz Britaniya tərəfindən dəstəklənmişik.Onun qarşısına çıxan digər lordlar Azərbaycanın sözünü dedilər. Azərbaycanın sözünü deməklə təkcə dövlət kimi dəstək yox, ümumi həqiqətə dəstək verdilər. Lazım deyil ki, Azərbaycanı dəstəkləsinlər. Lazımdır ki, həqiqətin yanında olsunlar. Bu baxımdan hesab edirəm ki, Ararat Mirzoyan Britaniya istiqamətində dividendlər əldə etmək şansını realizə edə bilməyəcək. Çünki biz istəsək də, istəməsək də Britaniya diplomatları son dərəcə məlumatlı və güclüdürlər. Baş verən hadisələrin hamısının kökündən də xəbərlərdardırlar. Azərbaycan sadəcə özünün ərazi bütöblüyünü bərpa etməklə dünya çapında yeni bir presedent yaratdı. Bu presedentində özünəməxsus sabitləşdirici rolu var. Ararat Mirzoyan əlbəttə orda çalışacaq yalanları, iftira və əfsanələri ilə ermənisayağı hərəkət etsin. Britaniyada rəsmi Londondan dəstək umsun. Düşünürəm bu əbəs bir istəkdir, çünki Britaniya bölgəmizdə mövcuddur və Azərbaycanın mövqeyini dəstəkləyir. İnanmıram ki, Ararat Mirzoyan bu səfərdən əli dolu qayıtsın. Çox güman əli boş qayıdacaq. Bu bir daha onu göstərəcək ki, Ermənistan çox yanlış yoldadır. Ermənistanın özünü məğdur göstərməsi heç bir işə yaramayacaq".

Rəfiqə NAMAZƏLİYEVA