“Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin təşviqi layihəsini həyata keçirilir

13 Noyabr 2023 17:43 (UTC+04:00)

Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin təşviqi layihəsini həyata keçirir.

Layihənin əsas məqsədi “Reproduktiv sağlamlıq haqqında” qanununun təşviq edilməsi, Azərbaycan vətəndaşlarının bu qanuna kəskin ehtiyaclarının olduğunu diqqət mərkəzində saxlamaqdır.

Bildiyiniz kimi, Azərbaycan selektiv abortlar üzrə dünyada 1-ci yerdədər. Ailə planlaşdırılması istədiyimiz səviyyədə deyil, erkən nikahlar artmaqdadır, yeniyetmələrin cinsəl məlumatsızlığından sonradan ciddi problemlər yaranır, sonsuzluq problemə çevrilib. Əsas hədəflərimiz Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, TƏBİB, Sosial Xidmətlər Agentliyi, Milli Məclisin Əmək və Sosial Siyasət komitəsi, Səhiyyə komitəsidir. Məhz diqqəti bu məsələyə cəlb etməklə Milli Məclis tərəfindən qanunun qəbul edilməsinə nail olmaq olar. Problemin həllinə dəstək və qanunun qəbul edilməsinə nail olmaq üçün “Reproduktiv sağlamlıq haqqında” qanunun təşviq edilməklə ictimai vəkillik həyata keçirilməyə başlanılmışdır. Bunun üçün müxtəlif yaş qruplarının iştirakı ilə görüşlər, ictimai müzakirələr təşkil edilərək qanunun qəbulunun cəmiyyət üçün nə qədər vacib olduğu təşviq ediləcəkdir. Layihə çərçivəsində ilk tədbirlər - Gəncə şəhərində Gəncə-Daşksən Regional Təhsil İdarəsinin nümayədələrinin, orta ümumtəhsil məktəblərinin 13-17 yaşlı qız və oğlanların, direktor müavinlərinin, aidiyyatlı fənn müəllimlərinin, psixoloqların və digər səlahiyyətli nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilmişdir. Çıxış edənlər bu günə qədər ölkəmizdə vətəndaşların sağlamlığı üçün qəbul edilmiş proqramlarıdan, Tibbi sığortanın tətbiqinin müsbət nəticələrindən danışmışlar. Reproduktiv sağlamlığın cəmiyyətin, xüsusilə də yeniyetmələrin və qadınların həyatında hansı vacib rol oynadığını vurğulamışlar. Lakin “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin sağlam cəmiyyət üçün sağlam nəslin yetişdirilməsində yalnız müsbət rol oynayacağından bütün iştirakçılar danışmışlar. İctimai dinləmə zamanı iştirakçılarla maraqlı debat olmuşdur. Onlar kifayət qədər yeni məlumatlar almış və qanunun qəbul edilməsi ilə bağlı maraqlı təkliflər vermişlər. Tədbirlərin sonunda məktəblilərə P&G şirkəti tərəfindən hədiyyələr verilmişdir.

Layihənin keçirilməsində Gəncə Regional Qadın Mərkəzinin tərəfdaşları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, TƏBİB və P&G şirkətidir.

Layihədə nəzərdə tutulan fəaliyyətlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3, 4, 5, 6, 11, 17-ci məqsədlərində qeyd edilənləri də rəhbər tutur.