Fransa Ermənistanı silahlandırmaqla NATO-ya qarşı çıxır - Politoloq

13 Noyabr 2023 18:30 (UTC+04:00)

“Məlum olduğu kimi bu gün Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra revanşist hisslərini həyata keçirmək üçün dəstək göstərən qüvvələr var. O cümlədən də Fransa Ermənistanın silahlandırılmasında iştirak edir. Əslində, Fransanın Ermənistanı silahlandırması ümumilikdə NATO üzvü kimi ona qarşı çıxmasından və siyasətinə zidd addım atmasından xəbər verir. Çünki Ermənistan NATO-nun düşmən təşkilatı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətdir”.

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib.

O qeyd edib ki, KTMT-nin üzvü kimi Ermənistanın silahlandırılması NATO-nun maraqlarına zidddir, ancaq hər bir halda Fransa özünün ermənipərəst siyasətini yürütməyə cəhd göstərir.

“İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşdırılmış yeni reallıq, sülh şəraiti, təhlükəsizliyin Fransanın maraqlarına uyğun olmadığını bir daha göstərir. Hesab edirəm ki, Ermənistanın silahlandırılması əslində gələcəkdə Fransa tərəfindən Cənubi Qafqazda xaos yaratmaq cəhdləri kimi də qiymətləndirilə bilər. Hərhalda biz nəzərə almalıyıq ki, artıq İkinci Qarabağ müharibəsindən sonra regionda yeni bir reallıq formalaşıb. Bu reallığa qarşı olanlardan daha çox bu reallığı dəstəkləyən qüvvələr var. Nəzərə almaq lazımdır ki, Ermənistanın revanşist hisslərini həyata keçirmək üçün silahlandırmaq Ermənistanı növbəti bataqlığa sürükləmək deməkdir”.

X. Bəşirov həmçinin bildirib ki, İkinci Qarabağ müharibəsinə qədər də Ermənistana bütün istiqamətlərdə dəstək göstərilirdi, ancaq Ermənistan bu dəstəklərə baxmayaraq, Azərbaycan ordusu qarşısında cəmi 44 gün tab gətirə bildi.

“Bundan sonra Ermənistanın silahlandırılması, xüsusilə də iİkinci Qarabağ müharibəsində darmadağın olan Ermənistan ordusuna nə qədər silah yığılsa belə, gələcəkdə daim inkişafda olan Azərbaycanla bacarması reallığa sığmır. Hesab edirəm ki, bu yolla Fransa bir daha isbat etdi ki, o Cənubi Qafqazda keçmiş münaqişənin həllində heç vaxt maraqlı olmayıb. Əksinə indi münaqişənin həllinə baxmayaraq bunu qəbul etmək istəmir. Cənubi Qafqaz regionunda sülhə qarşı mövqe nümayiş etdirir. Söhbət reallıqdan gedirsə, Cənubi Qafqazda reallıqlar tam fərqlidir. Mövcud olan bu reallığı heç kim dəyişə bilməz. Çünki bu reallıq regionun, xalqların və o cümlədən dünyanın maraqlarına cavab verir”.

Rəfiqə NAMAZƏLİYEVA