İsmayıllıda avtoqəza: bacı- qardaş öldü

3 Avqust 2013 12:25 (UTC+04:00)
İsmayıllı rayonunda ağır avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 12:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 39-cu kilometrliyində, İsmayıllı şəhəri ərazisində qeydə alınıb. Göygöl rayon sakini, 1978-ci il təvəllüdlü Nəsirov Abdulla Namiq oğlu idarə etdiyi 90-BP-122 dövlət nömrə nişanlı "VAZ 21154" markalı minik maşını ilə hərəkətdə olarkən yolu keçən piyadaları, İsmayıllının Talıstan kənd sakinləri - 1997-ci il təvəllüdlü Məmmədova Fəridə Rasim qızını və qardaşı 2004-cü il təvəllüdlü Məmmədov Ümid Rasim oğlunu vurub. Aldığı ağır bədən xəsarətləri səbəbindən Fəridə Məmmədova hadisə yerində, qardaşı isə İsmayıllı Mərkəzi rayon Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az