İlham Əliyev ABŞ prezidentini təbrik etdi

3 Avqust 2013 19:19 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Barak Obamaya ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.


AzNews.az həmin təbriki təqdim edir:

Hörmətli cənab Prezident, ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram.

Bu gün Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə səylərimiz strateji tərəfdaşlıq xarakteri almışdır. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, münaqişə ocaqlarında sülhyaratma missiyasında və bir sıra digər sahələrdə əməkdaşlığımız da bu qəbildəndir.

Məktubda deyilir ki, eyni zamanda biz xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir, bu səylərin münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə tezliklə töhfə verəcəyini gözləyirik.

Sonda dövlət başçısı belə bir əlamətdar gündə, Prezidentə və onun ailə bütün üzvlərinə ən xoş arzularını yetirdiyini, dost Amerika xalqının rifahı naminə fəaliyyətində yeni-yeni uğurlar dilədiyini qeyd edib.

AzNews.az