Müxalifət lideri xəstəxanaya aparıldı

3 Avqust 2013 19:23 (UTC+04:00)
2009-cu ildə İranda keçirilmiş prezident seçkilərindən sonra həbsə alınaraq üç ilə yaxındır ev dustaqlığında saxlanılan ölkə müxalifətinin liderlərindən Mehdi Kərrubi növbəti dəfə xəstəxanaya qaldırılıb.

APA-nın ailəyə yaxın olan "Səhamnews" xəbər saytına istinadən məlumatına görə, M. Kərrubi müayinə üçün Tehranın Ürək Xəstəlikləri Xəstəxanasına aparılıb. İran müxalifətinin lideri müayinə edildikdən və iki gün xəstəxanada qaldıqdan sonra İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) məxsus binaya qaytarılıb.

Bundan əlavə, onun böyük oğlu Məhəmmədhüseyn Kərrubi 4,5 aydan sonra atası ilə görüşməyə nail olub. O, atasının fiziki durumunun yaxşı olmadığını bildirib: "Ötən həftə atamı üç dəfə xəstəxanaya aparıblar. Onun ürək damarlarında problem yaranıb. Atamın boynunda artroz əmələ gəlib".

Qeyd edək ki, M. Kərrubi 900 gündən artıqdır İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) məxsus binada havasız və günəş işığından məhrum şəraitdə saxlanılır. Ona görə də bel ağrıları, tənəffüs çatışmazlığı, ağciyər və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkir.

AzNews.az