2003-cü il prezident seçkilərində cənab İlham Əliyevin qələbəsindən sonra HƏDƏF dövrü başladı. Mərhum Ulu öndər Heydər Əliyevin başlanğıcını qoyduğu uğurlu neft strategiyasından tutmuş hərbi sənaye kompleksinədək hər bir sahə HƏDƏFə çatmağın strateji istiqamətlərinə çevrildi. Hər bir təşəbbüs və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunması HƏDƏFinə xidmət etdi.
Ağır həyat şəraitində yaşayan məcburi köçkünlərlə ilk görüşlərdə, onların həyat şəraitlərini yaxşılaşdırmaq üçün tikilmiş hər bir binanın açılışındakı söhbətlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması HƏDƏFi olub.
Əslində xristiyan klubu olan Minsk qrupunun həmsədrləri regiona hesabat xarakterli səfərləri ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan lideri açıq şəkildə onların bir işə yaramadıqlarını və dövlətimizin öz suveren ərazi bütövlüyünü bərpa edəcəyini vurğulayırdı. Hərb tarixini mükəmməl bilən və sərkədəlik strategiyasının sirlərini mənimsəyən Ali Baş komandan İlham Əliyev "Ən yaxşı müdafiə hücumdur" taktikasına uyğun olaraq Ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqaməti etdi. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alındı. HƏDƏFə yönəlik hərbi sənaye kompleksinin yaradılması, qısa müddət ərzində bu sahənin beynəlxalq sərgilərində ölkəmizin öz imicini formalaşdırması hərbi qüdrətimizin göstəricisi idi. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim Ali Baş komandanın diqqət mərkəzindədir.
Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni iqtisadi mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən, region ölkələrinin maraqlarını təmin edir. Beləcə, Azərbaycanın beynəlxalq nüfuzu gücləndi, ölkəmiz Avropanın enerji təhcizatçısına çevrildi. HƏDƏFə çatmaq üçün uğurlu xarici siyasəti prioritet hesab edən İlham Əliyevin qətiyyətli mövqeyi yeni tərəfdaş ölkələrin sayının artmasına səbəb olmuş, beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini müdafiə edən ölkələrin sayı artmışdı. Münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq ederək münaqişənin həlli üçün hüquqi baza hazırlanıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib.
Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmişdir. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik göstərmişdi. 2003-cü ildən bu yana, torpaqlarımızın işğaldan azad olunacağını həm ölkə daxilində, həm də beynəlxalq arenada prinsipallıqla təkrar edən Prezident İlham Əliyev hər sözünün arxasında duran rəhbər imici formaldıraraq, tarixi ədaləti və beynəlxalq qanunları bərpa etmək və HƏDƏFə çatmaq üçün 2020-ci ilin payızında qarş tərəfin təxribatlarna cavab reaksiyası olaraq, hücum əmrini Verdi və 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. İrəvanın kapitulyasiya təklifi yenə də ölkəmizin humanizm yanaşması əsas götürülərək qəbul edildi. Tərəflər arasında üçtərəfli bəyanat imzalanaraq, bundan sonrakı problemlərin həlli üçün qarşı tərəfə vaxt verildi. Təəssüf ki, verilən bu vaxtdan da Ermənistan öz xeyrinə istifadə etməyi bacarmadı. Sonuncu 23 saatlıq anti-terror tədbirləri bir daha ordumuzun qüdrətini, liderimizin qətiyyətini nümayiş etdirdi. 2023-cü il 15 oktyabr tarixində HƏDƏFə tam nail olundu, Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı.
XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Hərbi ekspertlərin xüsusi vurğuladığı nüanslardan biri Prezident İlham Əliyevin Ali Baş Komandan kimi professional Sərkədəlik bacarığıdır. Həqiqətəndə, azğın düşmən, kinayəli Avropa və Amerika havadarları, regionun ikiüzlü ölkələrinin xüsusi xidmət orqanlarının canfəşanlığı konteksində, dağlıq-qayalıq relyefdə müharibəni taktiki gedişlərlə idarə etmək, qərar və əmrləri nə zaman vermək, diplomatiya ilə Ali Baş komandanlığı paralel aparmaq hər Sərkərdəyə müəssər olmayan komponentlərdir. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Bəli, prezident İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirən, qarşıya qoyulan bütün HƏDƏFlərə çatan və prinsipal mövqeyi ilə dost ölkələrin rəğbətini, dost olmayanların isə həsədini qazanan lider kimi, Ali baş komandan kimi, Sərkərdə kimi tarixə düşdü.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi
QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsi üzrə hazırlanmışdır.
.png)