Həkim: "Dünyada və Azərbaycanda bu xəstəlik günü-gündən cavanlaşır"

15 Noyabr 2023 12:17 (UTC+04:00)

14 noyabr Ümumdünya Diabet günüdür.

Endekrinoloq Turan Kərimova AzNews.az-a açıqlamasında şəkərli xəstəliyinin son illər ərzində artdığını deyib.

O bildirib ki, 14 noyabr daha çox diabetli xəstələrin xəstəliklərinə qarşı diqqətinin artırılması istiqamətindədir.

"Dünyada və Azərbaycanda bu xəstəlik günü-gündən cavanlaşır və sayı artmaqda davam edir. Şəkərli diabetin yaranmasının əsas səbəblərinə qeyri-düzgün həyat tərzi, qidalanmalar, artıq bədən çəkisi kimi səbəbləri nümunə çəkmək mümkündür”.

T. Kərimova qeyd edib ki, ailəsində şəkər xəstəliyi olan insanlar, yüksək təzyiqdən əziyyət çəkənlər, hiperxolesterinemiya, hipertriqliseridemiyası olan xəstələr də risk qrupundadırlar.

"Buna görə də insanlar vaxtında müayinələrdən keçməli və düzgün həyat tərzi sürməlidir. Eyni zamanda şəkərli diabet xəstəliyinin də vaxtında qarşısı alınmazsa, əlilliyə gətirib çıxara bilir. Bunların qarşısını almaq məqsədi ilə xəstələrə bəzi tibbi mərkəzlərdə, klinikalarda “diabet məktəb” layihələri təşkil edilir və burada diabet xəstələri maarifləndirilir. Xəstələrin qan şəkəri nəzarətinin mümkün olduğu qədər xəstənin özü tərəfindən aparılması və idarəsi, yediyi qidaların tərkibi və miqdarı barədə məlumatlanmaq, idman, insulinin tətbiqi, şəkərli diabetin ağırlaşmasının qarşısının necə alınması istiqamətində məlumatlar verilir. Düzgün həyat tərzi sürək, düzgün qidalanaq ki, gələcəkdə şəkərli diabet risk qrupunda olmayaq və diabet xəstəsi olmayaq”.

Rəfiqə NAMAZƏLİYEVA