Ötən ay Azərbaycanda qanunsuz yaşayan 1000-dən artıq əcnəbi saxlanılıb

16 Noyabr 2023 10:58 (UTC+04:00)

Bu ilin oktyabr ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 1001 əcnəbi saxlanılıb.

Bu barədə qurum məlumat yayıb.

Qeyd olunub ki, onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 292 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.

Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 2108 inzibati qərar qəbul edilib.