Politoloq: "Qərb özünə çatdıqda haqq, hüquq, qanun tanımır"

16 Noyabr 2023 12:35 (UTC+04:00)

“Cozef Borelin ittihamları Ermənistanı daha çox öz yanına çəkmək cəhdləri kimi dəyərləndirilə bilər. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqının 9 üzvü Azərbaycanla strateji tərəfdaşlıq haqda müqavilə imzalayıb. Bu da əslində Azərbaycanın həm də o dövlətlərlə əlaqələrinin dərinləşdirilməsinə şərait yaradır”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.

O, Azərbaycan-Ermənistan şərti dövlət sərhədinə Avropa mülki missiyasının göndərilməsinin qanunsuz olduğunu və burada həmçinin Aİ-nin norma və prinsiplərinin pozulduğunu bildirib.

“Düzdür, adını qoyurlar ki, guya razılıq var. Ancaq Azərbaycan tərəfinin buna razılıq verdiyi ilə bağlı hər hansı bir məlumat yoxdur. Belə olduğu halda bu açıqlamasında mülki missiyanın sayının artırılması burada ancaq strateji mövqelər uğrunda savaşın nəticəsi kimi dəyərləndirilə bilər. Avropa İttifaqı Rusiyaya rəğmən burda olmaq istəyir. Görünür ki, bu işlərin arxasında Fransanın əli var. Eyni zamanda Fransa ilə bərabər regiona maraqlı olan digər dövlətlərin də bu işdə əli ola bilər. İndi mülki missiyanın artırılması beynəlxalq hüququn da pozulması deməkdir. Çünki bir dövlətlə sərhəddə öz sərhəddinə hər hansı bir başqa dövlətin qoşun növlərini gətirirsənsə bu mütləq soruşulmalı və icazə alındıqdan daha sonra həyata keçirilməlidir. Belə görünür ki, Qərb özünə çatdıqda haqq, hüquq, qanun tanımır. Yəni "güclüsənsə, haqlısan" prinsipini əsas götürürlər”.

S. Hümbətov əlavə edib ki, belə olan halda Azərbaycan Avropadakı tərəfdaşları ilə bu məsələni dərindən həll etməlidir.

“Ermənistanın addımları bölgədə təxribatın artmasına səbəb olur. Ermənistanın atdığı addımlar sülhdən qaçmaq istəyidir. Hazırda Avropa İttifaqının da bu təxribatçı hərəkətləri dəstəkləməklə həmçinin bölgədə gərginliyin saxlanmasına tərəfdar çıxdığını görürük. Cozef Borelin də belə bir əsassız fikirlər səsləndirməsi birbaşa bölgəyə sülhdən daha çox qarşıdurma gətirir. Həm də Avropa İttifaqının apardığı siyasətə ziddir. Çünki bir tərəfdən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfləri danışığa çağırır. Düşünürəm ki, bu məsələlər Avropa İttifaqı ilə yenidən müzakirə oluna və nəzərdən keçirilə bilər”.

Rəfiqə NAMAZƏLİYEVA