ABŞ dünyanı sürətlə Üçüncü Dünya müharibəsinə doğru aparır - Siyasi şərhçi

17 Noyabr 2023 15:19 (UTC+04:00)

“Öncəliklə onu deyim ki, O’Brienin səsləndirdiyi ABŞ-la münasibətlər daha əvvəlki kimi olmayacaq bəyanatı obrazlı şəkildə desək, patronsuz güllədir. Bu bəyanatın tərkibində hədə ritorikası var. Lakin bu bizim üçün narahat edici deyil. Onsuzda zaman-zaman rəsmi Bakı ilə Vaşinqton arasında gərginlik olub.”

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

O, rəsmi Vaşinqtonun hələ ATƏT-in Minsk qrupunun həmsədri olduğu vaxtdan bəri özünün riyakarlığnı ortaya qoyduğunu bildirib və əlavə edib ki, ABŞ ilə əlaqələr bizim üçün də o qədər həyati əhəmiyyətli deyil.

“Çünki Azərbaycanın gələcəyi, müxtəlif irimiqyaslı layihələrdə iştirakı heç də hər hansı ikinci və ya üçüncü aktlardan asılı deyil. Biz öz reallıqlarımızı özümüz yaradırıq. Ermənistana qarşı ABŞ belə hədələri ilə nəyəsə nail ola bilər. Ona görə ki, faktiki olaraq Ermənistanın ABŞ-dən asılılığı var, bizim yox. Əsassız ittihamlara gəldikdə kollektiv Qərb artıq sinifdə qalıb. Onlar demokratiya, beynəlxalq hüquq dərsindən kəsildilər və ABŞ bu gün göz görə-görə Ermənistanı silahlandırır digər yandan da vasitəçilik təşəbbüsü ilə çıxış edir. Bu necə ola bilər axı? Bu hansı məntiqə uyğundur ki, silah və sülh necə yanaşı işlənə bilər. Əgər ABŞ bu hərəkətlərini sülh istəyirsənsə müharibəyə hazır olmalısan tezisi ilə əsaslandırırsa, bu da məntiqsizdir. ABŞ sülh istəmir, sülh istəsə idi otuz il ərzində Minsk qrupunun həmsədrliyi kimi fəaliyyət göstərdiyi illərdə buna çoxdan nail olmuş olardı”.

K. Novruzov sonda vurğulayıb ki, ABŞ dünyada sülh tərəfdarı olsa idi, Şərqi Avropada müharibənin başlamasına imkan verməzdi.

“Bu gün baş verənlər göstərir ki, ABŞ dünyanı sürətlə Üçüncü Dünya müharibəsinə doğru aparır. Artıq ABŞ Şərqi Avropanı, Yaxın Şərqi cəhənnəmə çevirir. Hətta Ermənistanda da Ukraniya, Suriya, Liviya ssenarisini təkrarlamağa çalışır. Bunu anlamaq o qədər də çətin deyil. Əgər belə davam edərsə, Ermənistan indi də ABŞ-ın forpostu olmağı seçərsə şübhəsiz ki, Ermənistanı da Ukraniya və Suriyanın taleyi gözləyir”.

Rəfiqə NAMAZƏLİYEVA