Azərbaycan mədəniyyət sahəsində bir ilkə imza atdı

4 Avqust 2013 08:45 (UTC+04:00)
Xalq Yazıçısı Elçin Əfəndiyevin "Mənim sevimli dəlim" pyesi əsasında eyniadlı tamaşanın premyerası ilə ölkəmiz ənənəvi Edinburq Beynəlxalq Festivalında ilk dəfə təmsil olunub.

AzərTAc xəbər verir ki, tamaşa Londonda fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin (AZICS) və ALOFF teatrının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə "Gryphon Venues" teatrında təqdim ediliB. Tamaşada bəstəkar Məmməd Ənsarinin musiqisi səslənib.

Tamaşadan əvvəl çıxış edən AZICS-in sədri Sənan Əliyev pyes haqqında iştirakçılara ətraflı məlumat verib, Xalq Yazıçısı Elçinin yaradıcılığındakı uğurlardan bəhs edib.

Pyesdə hadisələr 1995-ci ildə Bakıda cərəyan edir. Səhnədə müxtəlif personajların məzhəkə elementləri yer alıb. İntihara meylli, anormal olan bu personajların hər biri öz gerçəkliyində yaşayır, lakin buna baxmayaraq, nə yol iləsə bir-biri ilə dil tapır. Əslində, bu personajların hər biri "dəli" roluna namizəddir. Amma bu aləmə təsadüfən düşmüş ağlı başında olan yeganə adam dəli kimi qəbul edilir. İzləyicilər tərəfindən maraqla qarşılanan "Mənim sevimli dəlim" tamaşası avqustun 10-a dək Festivalda səhnələşdiriləcək.

Edinburq Beynəlxalq Festivalı 1947-ci ildən bəri ənənəvi olaraq hər ilin avqustunda Şotlandiyanın paytaxtında keçirilir. Festivalda dünyanın müxtəlif ölkələrindən iştirakçılar mədəniyyətlərini və incəsənətlərini təmsil edən şou-proqramla çıxış edirlər. Festivalda, həmçinin bir-birinə bağlı olmayan ayrı-ayrı özəl təşkilatlar da iştirak edirlər. Edinburq Beynəlxalq Festivalı dünyanın ən böyük festivallarından hesab edilir və hər il milyonlarla turist bu incəsənət və mədəniyyət şənliyində iştirak etmək üçün Şotlandiyaya axın edir.

AzNews.az