"O gün" gəlməyib, gətirilib - Sahib Alıyev

20 Noyabr 2023 12:55 (UTC+04:00)

Hayların sovet DTK-sının dəstəyi ilə Qarabağda yaratdıqları qanunsuz silahlı birləşmənin üzvü olduğu və digər hərbi cinayətlərlə yanaşı Xocalı soyqırımının törədilməsində də yer aldığı bildiriliən Rəşid Bəyləryan kimilərin tutulub dindirildiyini görəndə qürur qarışıq köks ötürərək "O gün gəldi",- deyirik. Amma əslində "o gün" gəlməyib, ABŞ başda olmaqla böyük güclərin çoxunun qarşı çıxmalarına rəğmən gətirilib. Və "o günü" gətirən ilk növbədə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Onun əmri ilə döyüşə atılaraq hətta həyatlarını, sağlıqlarını bu Vətəndən əsirgəməyən, etdikləri fədakarlıq xalqımızın yaddaşından heç vaxt silinməyəcək şəhidlərimiz, qazilərimizdir.

Bizə qonşu olan iki böyük dövlətin, qərbdəki bəlli çevrələrin topraqlarımızın ən azından müəyyən bir hissəsinin işğaldan qurtarmasını qətiyyən istəmədiklərini qapalı xosunlaşmalar zamanı öz dillərindən də eşitdiyindən Ermənistanın keçmiş dövlət başçısı, ondan əvvəl isə Xankəndindəki hərbi xuntaya rəhbərlik etmiş Serj Sərkisyan hətta 44 günlük savaşdan sonra belə əminliklə bildirirdi ki, "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq".

Ancaq oldu! Sərkisyanların rəhbərlikləri altında Azərbaycan torpağında hərbi cinayət törədənlər isə bir-bir tutularaq məhkəmə qarşısına çıxarılırlar. Köçəryan, Ohanyan, Balasanyan, Balayan, Babayan və digərləri ilə yanaşı onun özünü də belə bir perspektiv gözləyir.

Qoy şəhidlərimizin ruhları şad, bizə bu günləri yaşadan digər igidlərimiz isə var olsun. Tanrı Müzəffər Ali Baş Komandanımızı qorusun!

Sahib Alıyev

Millət vəkili