Azərbaycan Gürcüstanla bu məsələni daha ciddi şəkildə müzakirə edəcək - Ekspert

20 Noyabr 2023 20:44 (UTC+04:00)

“Əlbəttə, biz Ermənistanla müharibə vəziyyətində olduğumuz üçün onunla əlaqələr quran, münasibətləri inkişaf etdirən dövlətlərə bizim münasibətimiz müəyyən olunur. Son vaxtlarda təəssüf ki, Azərbaycanın gözləmədiyi halda Gürcüstan tərəfindən bir çox addımlar, xüsusilə də Ermənistana göndərilən silahların Gürcüstan ərazisindən buraxılması məsələləri Azərbaycan cəmiyyətində həm təəccüb, həm də xəyal qırıqlığı yaradıb. Belə ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərdir.”

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

O bildirib ki, Gürcüstanda siyasi elita iki hissəyə bölünüb.

"Onlardan biri Qərblə sıx əməkdaşlıq tərəfində olan qüvvələrdir ki, bunların başını əsasən Zurabişvili çəkməkdədir. Təbii ki, ondan başqa bir çox siyasətçilər də bu məsələlərdə önəmli rol oynayırlar.

Xüsusilə də Zurabişvilinin Azərbaycana qarşı qərəzli münasibəti bilinən bir faktdır. Son dövrlər Fransanın, o cümlədən Qərbin Gürcüstan üzərindən Azərbaycana təzyiq edəcəyi ehtimal olunurdu ki, bu da özünü doğrultdu. Sadəcə olaraq Azərbaycan cəmiyyəti Gürcüstana suallar verəcək. İzahat tələb etmək hüququmuz var. Bu davranışlar qeyri-dost və qəbuledilməzdir. Görünən odur ki, Gürcüstan hakimiyyəti də öz maraqları naminə Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirməkdən çəkinmir”.

O. Qasımov sonda vurğulayıb ki, Avropa İttifaqına müşahidəçi üzvlük, 2,6 milyard dollarlıq yardım paketi və s. kimi məsələlər görünür Gürcüstanda müəyyən siyasiləri Azərbaycana qarşı mövqe tutmağa sövq edib.

“Təbii ki, Azərbaycan bu məsələlərə səssiz qalmır. Sadəcə səbrli və təmkinli davranaraq hadisələrin gedişatını izləməkdədir. Hesab edirəm ki, rəsmi Bakı xüsusilə də Gürcüstanla olan məsələlərin publik müstəvidə deyil, diplomatik variantı ilə həllinə çalışır. Azərbaycan dövləti Gürcüstanla münasibətlərin zəifləməsində maraqlı deyil. Düşünürəm ki, hansısa bir məqamda Azərbaycan Gürcüstanla bu məsələni daha ciddi şəkildə müzakirə edəcək və bu cür avantüralarla bağlı rəsmi mövqe də tələb olunacaq”.

Rəfiqə NAMAZƏLİYEVA