İraq Prezidentinin səfəri önəmli bir zaman kəsiyinə təsadüf edir - Elçin Mirzəbəyli

21 Noyabr 2023 23:48 (UTC+04:00)

“Azərbaycan-İraq xalqları arasındakı münasibətlər tarixi köklərə söykənir. Azərbaycan-İraq münasibətləri bütün müstəvilərdə bu günə qədər normal şəkildə inkişaf edib. Xüsusilə qeyd etmək lazımdır ki, hər iki ölkənin qarşılıqlı olaraq beynəlxalq təsisatlarda bir-birinin ərazi bütövlüklərinə və suverenliklərinə verdiyi dəstək hər zaman olub”.

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

O bildirib ki, iki ölkə eyni zamanda müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıqlarını davam etdiriblər.

"Aspektdən hər iki ölkənin ən müxtəlif səviyyələrdə əməkdaşlıq etməsi üçün kifayət qədər geniş imkanlar var. Azərbaycan və İraq hər ikisi enerji resursları ilə zəngin olan ölkələrdir. Enerji sektorunda qarşılıqlı əməkdaşlığın təşviqi üçün geniş imkanlar mövcuddur. Hər iki ölkənin iqtisadi inkişafı baxımından da qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi həmçinin ölkələrin maraq dairəsindədir. Səfər önəmli bir zaman kəsiyinə təsadüf edir. Mövcud şəraitdə özünün coğrafi mövqeyinə görə əhəmiyyətli bir coğrafiyada yerləşən İraqın Azərbaycan ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində atdığı addımlar da müsbət dəyərləndirilməlidir. Bütövlükdə önəmli bir coğrafiyada sülhün, təhlükəsizliyin təmin olunması üçün böyük imkanlar açır”, - deyə o əlavə edib.

Rəfiqə NAMAZƏLİYEVA