Həsən Ruhanidən ilk önəmli təyinat

4 Avqust 2013 11:35 (UTC+04:00)
İranın yeni prezidenti Həsən Ruhani öz komandasını formalaşdırmağa başlayıb.

Musavat.com-un İSNA agentliyinə istinadən verdiyi məlumata görə, yeni prezident öz administrasiyasının rəhbərinin adını açıqlayıb. Bu, İranın icarət-sənaye palatasının rəhbəri Məhəmməd Nəhavandiandır. Onun 59 yaşı var, ABŞ-da Corc Vaşinqton Universitetində təhsil alıb. Məhəmməd Nəhavandian uzun müddən ABŞ-da yaşayıb və 1994-cü ildə İrana birdəfəlik qayıdıb.

Çox güman ki, Administrasiya rəhbərinin təcili təyinatı onun elə ilk gündər bacarığını göstərməli olması ilə bağlıdır. Belə ki, səhər saatlarından xarici nümayəndə heyətlərinin təyyarələri Tehrana enməyə başlayıb. Onlar 1979-cu il İslam inqilabından sonra ilk dəfə İran prezidentinin andiçmə mərasimində iştirak edəcəklər. İnauqurasiya mərasimi İran parlamentində keçiriləcək.

Mərasim Bakı vaxtı ilə saat 17.00-da parlamentin spikeri və məhkəmə hakimiyyəti başçısının çıxışları ilə başlayacaq. Sonra Həsən Ruhani and içəcək və qısa çıxış edəcək. Daha sonra yeni prezident 54 xarici nümayəndə heyəti başçılarını qəbul etməlidir.

Azərbaycanı İran prezidentinin andiçmə mərasimində Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.

Dünən Həsən Ruhanini prezident vəzifəsində ali dini lider ayətullah Əli Xameneyi təsdiqləyib. O andan yeni prezidentin dörd illik səlahiyyət müddəti başlayıb.

AzNews.az