“Bildiyiniz kimi, Paşinyanı hakimiyyətə ABŞ gətirib. ABŞ bunu məqsədyönlü şəkildə edib ki, Cənubi Qafqazda öz siyasi maraqlarını həyata keçirsin. Eyni zamanda Ermənistanda Rusiyanın təsir dairəsini zəiflətsin. Paşinyan hakimiyyətə gəldiyi andan bütün qurumlara sorosçular yerləşdirdi. Artıq Ermənistan dövləti ABŞ tərəfindən klonlaşdırılıb və oradan nə təlimat gəlirsə Paşinyan onu həyata keçirir. Bir dövlət başçısı kimi onun təhlükəsizliyini xarici xüsusi xidmət orqanları qoruyursa, təbii ki, həmin şəxs öz xalqına, dövlətinə deyil onu himayə edən dövlətin maraqlarına xidmət edəcək”.
Bu sözləri AzNews.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib.
O bildirib ki, Paşinyan özünü Ermənistan dövlətinin başçısı kimi deyil, ABŞ-nin səfiri kimi aparır.
"Bu onun apardığı siyasətdə, davranışlarında özünü göstərməkdədir. Qeyd edək ki, ABŞ Cənubi Qafqazda öz nüfuz dairəsini genişləndirir və Cənubi Qafqaza daxil olmaq istəyir. Məqsədi isə Rusiyanın Cənub cinahını bağlamaqdır. Ümumiyyətlə, ABŞ Rusiyanı özünə düşmən elan edib. Rusiya ətrafında qaynar ocaqlar yaratmaqla Rusiya əlehinə istifadə edir. O cümlədən Gürcüstan, Ukraniya, Ermənistanda bunun baris nümunəsidir. Hazırda Ermənistan-Rusiya münasibətləri dolayısı ilə Cənubi Qafqazda stabilliyi pozur. Paşinyanın apardığı siyasət ümumilikdə Cənubi Qafqazla yanaşı Cənubi Qafqaz Respublikaları ilə qonşu olan dövlətlərin də siyasi maraqlarına uyğun deyil. ABŞ-nin Cənubi Qafqaza daxil olması Türkiyənin, İranın və Azərbaycanın maraqlarına uyğun deyil. Bu baxımdan Paşinyanın Cənubi Qafqazda apardığı avantürist siyasət stabilliyi pozur. Hesab edirəm ki, Paşinyan ABŞ planlarını sürətlə həyata keçirməkdədir və qarşısına qoyulan məqsədlərdən biri Rusiyanın Ermənistandakı hərbi gücünü zəiflətmək, fəaliyyətini aradan qaldırmaqdır”.
A.Məsiyev həmçinin qeyd edib ki, Paşinyan təkcə KTMT-ni boykot etmir, eyni zamanda Müstəqil Dövlətlər Birliyini (MDB) də boykot edir.
“Paşinyan sürətlə Rusiyanın təsirindən uzaqlaşmaq istəyir. Əlbəttə ki, Rusiya buna biganə qalmayacaq. Çünki Ermənistan dövlətini yaradan, himayə edən Rusiya olub. Ermənilərin xəyanətini Rusiya Prezidenti Vladimir Putin onlara bağışlamayacaq. Açığı Rusiyanın Ermənistana təsir rıçaqları daha genişdir. Ermənistanın sərhədlərini rus hərbiçiləri qoruyur. İqtisadiyyatı Rusiya bazarına bağlıdır. Ermənistan hər nə qədər Qərb yönümlü siyasət yeritsə də, onun təsir rıçaqları Rusiyanın əlindədir. Paşinyanın bu cür davranışı, Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi Cənubi Qafqazda açıq şəkildə stabilliyi pozur. Rusiyanın Ermənistanda hansısa tədbir həyata keçirməsinin bəlli təsir rıçaqları var. İqtisadi təsir rıçaqlarından istifadə edərək Paşinyan hökumətini laxlada bilər. Ancaq məsələ burasındadır ki, Rusiya xalqı Paşinyanın üzərinə qaldıra bilmir. Paşinyan Qərb yönümlü siyasət yürütsədə, onun iqtisadi inkişafı qonşu respublikalara bağlıdır. Ona görə Paşinyan iqtisadi maraqlarını qonşu dövlətlərlə tənzimləməlidir”.
Siyasi şərhçi sonda əlavə edib ki, Paşinyanın bu gün apardığı siyasət erməni dövlətinin maraqlarına uyğun gəlmir:
"Hesab edirəm ki, bu da gələcəkdə Ermənistanı böyük bir fəlakətlə üzləşdirəcək. Gec ya tez, Rusiya baş verən hadisələrə ciddi reaksiya verəcək. Artıq qarşıdurmalar da başlayıb Rusiya radikal addımlar atmaq məcburiyyətində qalacaq”.
Rəfiqə NAMAZƏLİYEVA