Ekspert: "Amerika və Fransa Ermənistanı istifadə edir"

24 Noyabr 2023 12:42 (UTC+04:00)

“Paşinyan və onun komandası hakimiyyətə gəldikdə sonra Amerikanın dediyi işləri etməyə, Rusiyanı regiondan sıxışdırıb çıxartmağa çalışıb. İranın onlara kömək etməsinə baxmayaraq onunla da münasibətləri pozmağa çalışır. Bu doğrudan da Ermənistan üçün çox çətindir. Ermənistan iqtisadiyyatının 70%-dən çoxu Rusiyanın əlindədir. Ermənistanın Türkiyə və İranla sərhədini Rusiya qoruyur. Eyni zamanda Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası durur. Ona görə də ermənilərin Rusiyadan tezliklə qopması real görünmür”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov bildirib.

O deyib ki, bu gün Qərb Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılmasını və onun yerinə Fransanın gəlməsini istəyir, ancaq bu indiki dövr üçün real deyil.

“Onlar düşünürlər ki, Ukrayna müharibəsində Qərbin dəstəyi ilə Rusiya məğlub olacaq və parçalanacaq. Bununla da Rusiya mexaniki olaraq Ermənistandan çıxıb gedəcək. Bu onların ideyasıdır, bunun üçün də çalışırlar. Amma Rusiya hegemon ölkədir həm böyük insan resursları, həm də təbii resursları var. Ona görə də bu gün Rusiya doğrudan zəifləsə də, ancaq müharibə aparır. Hələ də Ermənistandan çıxmaq fikri yoxdur. Rusiyanın xarici işlər naziri Lavrov öz çıxışında bildirdi ki, bizim Cənubi Qafqazdan və Ermənistandan çıxmaq fikrimiz yoxdur. Bizim Ermənistanla 2044-cü ilə qədər müqaviləmiz var, hərbi bazamız orada olacaq. Paşinyan artıq real addımlar atır, keçən ilin dekabrında İrəvanda keçirilən KTMT-nin tədbirində yekun sənədi imzalamaqdan Paşinyan imtina etdi. Bu il yanvar ayında da hərbi təlimlərin keçirilməsinə icazə vermədi".

Siyasi şərhçi qeyd edib ki, görünən odur, ermənilər Rusiyadan qopmaq istəyirlər, lakin haqlı olaraq Rusiyadan çəkinirlər.

“Real düşünsələr, başa düşərlər ki, Amerika və Fransa Ermənistanı bir vasitə kimi istifadə edir. 2008-ci ildə Rusiya Cənubi Osetiyaya girdi və Tiflisə qədər gəlib çatdı. O zaman Qərb xüsusilə Amerika dəstək idi Gürcüstana ancaq nə edə bildilər? Amma rus qoşunları gəldi Cənubi Osetiyanı və Abxaziyanı işğal etdilər. Bunların hər biri gözümüzün qarşısında olan reallıqlardır. Görməmək siyasətçi üçün çox böyük səhvdir. Ermənistan bunu görə-görə edir, çünki Paşinyan buna məcburdur. Ermənistanın gələcəyi çox dumanlı görünür. Şükürlər olsun ki, biz öz suverenliyimizi bərpa etdik. Bizim bu gün Ermənistan ilə heç bir problemimiz yoxdur. Yaxın zamanlarda da Ermənistanla birbaşa sülh müqaviləsi də bağlamaq istəyirik və buna da israrlıyıq. Lakin Ermənistanın bu sülh müqaviləsini imzalamasına Qərb, Fransa icazə verəcək mi bunlar sual altındadır. Hadisələrin gedişatı göstərir ki, Ermənistanda yaxın vaxtlarda hərbi toqquşma baş verəcək bu da təbii ki, Ermənistanın üçün heç də xeyirli olmayacaq”, - deyə o əlavə edib.

Rəfiqə NAMAZƏLİYEVA