Masazır camaatı Bakı- Sumqayıt yolunu bağladı – Yeniləndi

4 Avqust 2013 22:27 (UTC+04:00)
Əməkdaşımızın verdiyi məlumata görə, hazırda demək olar ki, bütün Masazır camaatı Bakı-Sumqayıt yolunu tamamilə bağlayıb. Hadisəyə səbəb bu gün axşam saatlarında 15 yaşlı Masazır sakininin qeyd olunan yolda qəzaya düşərək ölməsidir.

Hazırda əraziyə çoxlu sayda polis əməkdaşları cəlb edilib. Abşeron rayon icra hakimiyyəti başçısının əraziyə, əhaliylə danışıq aparmağa gəlməsi gözlənilir. Əməkdaşımız bildirir ki, Masazır sakinləri son 1 ayda eyni yolda 5 adamın ölməsinə etiraz edirlər. Onlar dəfələrə davamlı ölümlü qəzaların baş verdiyi əraziyə keçid qoyulması tələbi ilə Nəqliyyat Nazirliyi və rayon İcra Hakimiyyətinə müraciət etsələr də, problemin həll edilmədiyindən şikayətçidirlər.

Məlumata görə, hazırda hadisə yerinə əsgərlər də cəlb edilib. Bakı-Sumqayıt yolunda isə 2 mindən çox Masazır sakininin olduğu bildirilir.

***
00:20
Bakı-Sumqayıt yolunda Xırdalan qəbiristanlığına yaxın ərazidə yaşayan sakinlər magistral yolu bağlayıblar.

AzNews.az-ın hazırda hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, sakinlər gecə saat təxminən 23:30-dan etibarən magistral yolun hər iki tərəfini bağlayıblar.

Əməkdaşımızın bildirdiyinə görə, buna səbəb bu gecə qeyd olunan yerdə bir uşağın maşınla vurularaq öldürülməsidir. Məlumatda bildirilir ki, sakinlər Bakı-Sumqayıt magistralının Xırdalan qəbiristanlığına yaxın hissəsində son bir ayda ölümlə nəticələnən ardıcıl beşinci yol qəzasına etiraz əlaməti olaraq, yolu bağlayıblar.

Hazırda hadisə yerində cəlb edilən polis əməkdaşları magistralın bir tərəfini açmağa müvəffəq olsalar da, sakinləri yoldan tamamilə çıxarmaq mümkün olmayıb. Əməkdaşımızın sözlərinə görə, hazırda polis əhalini yoldan boşaldaraq magistralı açmağa çalışır.

Hadisə ilə bağlı yeni məlumatlar olduqca xəbərə əlavə ediləcək.

Anar
AzNews.az