Qarabağ Universiteti ölkəmizə nələr qazandıracaq?

30 Noyabr 2023 16:50 (UTC+04:00)

Prezident İlham Əliyev 28 noyabr 2023-cü il tarixində “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Prezident İlham Əliyevin bununla bağlı dünən imzaladığı sərəncamda bildirilir ki, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır. Xankəndidə "Qarabağ Universiteti"-nin yaradılmasını Azərbaycanın bu bölgə ilə bağlı növbəti uğurlu strategiyasının tərkib hissəsidir. Ümumiyyətlə Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən bəri bu günə qədər "Qayıdış Konsepsiyası" çox uğurla həyata keçirilir, istər infrastruktur layihələrin sürətli şəkildə, yüksək standartlara uyğun icra olunması, istər bölgənin potensialının iqtisadi aktivliyinin gücləndirilməsi məsələsi, yaşıl enerji ehtiyatlarının gələcəkdə səmərəli istifadə olunması ilə bağlı siyasətin, strategiyanın uğurla aparılması mütləq şəkildə diqqətəlayiq proses kimi qiymətləndirilməlidir. Əlbəttə ki, müvafiq bölgədən vaxtilə ermənilər tərəfindən deportasiya edilmiş, köçkün həyatı yaşamış insanlarımızın ən qısa zamanda müəyyən bölgələrə qayıtma imkanlarının təmin olunması və bundan sonra da bu prosesin sürətlə aparılaraq digər bölgələrdə də köç prosesinin həyata keçirilməsi uğurla aparılır. Bu dövlətimizin müvafiq siyasətinin də yüksək səviyyədə icra olunmasının bir göstəricisidir. Əlbəttə ki, aparılan siyasət içərisində təhsil siyasəti olduqca önəmlidir. Təhsil cəmiyyətin inkişaf göstəricilərindən biridir. Bütün bunları nəzərə alaraq Xankəndidə ilk addımlardan birinin məhz təhsillə bağlı atılması, orda universitetin yaradılması ilə bağlı qərarın verilməsi olduqca möhtəşəm, eyni zamanda "Qayıdış" prosesini də sürətləndirəcək bir hadisədir. Qarabağ adının elə ən başlıcası təhsil üzərindən dünyaya tanıdılmasının bazasının formalaşdırılması deməkdir. Mən hesab edirəm ki, burada digər imkanlardan əlavə həm də məsələnin mənəvi bir tərəfi də vardır. Odur ki, Xankəndidə "Qarabağ Universiteti" təhsilimizin digər sahələrində olduğu kimi bu hissəyə də hətta əldə olan imkanlardan daha artıq səfərbər olunacaq və orada yüksək səviyyəli kadr heyəti formalaşdırılacaq . Eləcə də tələbələrin müvafiq ixtisaslar üzrə cəlb olunmaqla "Qarabağ Universiteti"-nin dünyada öndə olan universitetlər sırasında adının yer alacağı gün də uzaqda deyil. Bu məsələnin digər önəmli tərəfi isə təhsil ocaqlarının paytaxtdan digər şəhərlərə köçürülməsinin başlanğıcı qoyuldu. Bu ənənə sub-urbanizasiyanın güclənməsinə, tıxac, işsizlik kimi sosial problemlərin aradan qalxmasına təkan verə bilər.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi