Milli manqurtlar

5 Avqust 2013 09:00 (UTC+04:00)
Özünü bloqqer kimi təqdim edən, bəziləri kimi soyadını danaraq "Milli" olan Emin, Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi T.Qurbanovun Maldiv adalarındakı müəmmalı vəfatından utanmadan siyasi məqsədləri üçün istifadə etdi.

Həmin məlumatlar heç bir araşdırılma aparılmadan müxalifətyönümlü kütləvi informasiya vasitələrinin əsas xəbərinə çevrildi. Yeganə səbəb isə Eminin həmin ölümdə iqtidarı günahlandırması idi.

Birincisi, əgər Eminin ona və H.Müntəziriyə qarşı törədiləcək "terrordan" əvvəlcədən xəbəri vardısa, niyə bu barədə susurdu? Axı belə məlumatlar müxalifət üçün daha çox lazım idi. Tural dünyasını dəyişəndən sonra onu şərləmək nə milli mentalitetə, nə milli adətə, nə də dinimiz İslama uyğun deyildir. Buna şərəfsizlik deyilir.

Ikincisi, Azərbaycanın Milli Təhlükəsizlik nazirliyini ona və H.Müntəziriyə qarşı terror hazırlamaqda ittiham etmək, erməni "dəyirmanına su tökmək" kimi dəyərləndirilməlidir. Axı siz kimsiniz ki, ölkənin təhlükəsizlik orqanları "dərisi beş qəpiyə dəyməyən" sizin kimilərə bu qədər diqqət ayırsın?

Onsuz da özünüz etiraf edirsiniz ki, sizləri Almaniyanın xüsusi xidmət orqanları mühafizə edir. Görəsən, hansı xidmətlərinizin qarşılığında? Bunu bir siz, bir də sizi kurasiya edənlər daha yaxşı bilir. Amma bir şeyi unutmayın ki, alman faşizminin qurbanları içərisində sizin də babalarınız var.

Keçmişini satanın gələcəyi yoxdur. Üçüncüsü, bilərəkdən Azərbaycan dövlətinin rəhbərliyini terrorla bağlamağa göstərdiyiniz cəhd milli xəyanətdir. Adınızı milli qoymaqla milli olmaq olmur. Bizdə gözəl bir atalar sözü var: "Bağa qınından çıxdı, qınını bəyənmədi". Xaricdə oxumaq da, yaşamaq da olar. Amma milli köklərə bağlılıq qan yaddaşı ilə bağlıdır. Bu isə sizin kimilərdə artıq deqradasiyaya uğrayıb.

Çünki sizlər üçün milli maraqlar deyil, maliyyələşdirənlərin maraqları daha önəmlidir. Dördüncüsü, öləndən sonra ittiham etməyə çalışdığınız T.Qurbanovun ailəsindən heç utanmadınız? Heç olmasa iftiranı bir qədər gecikdirəydiniz. Sizlərdən fərqli olaraq T.Qurbanov nəinki Qarabağda, hətta bütün Azərbaycanda sayılıb, seçilən əsilli-köklü bir ailədəndir. Turalın bütün nəsli həmişə ermənilərə qarşı canı və varidatı ilə vuruşub və bu gün də həmin mübarizəni davam etdirir. O nəsildə xəyanət və arxadan vurmaq yoxdur. Onlar mübarizəni kişi kimi aparır və kişi kimi də ölürlər. Kaş Azərbaycanın bütün gəncləri Tural qədər millətinə və dövlətinə bağlı olaydılar. Belələrinin yeri cənnətdir. Allah rəhmət eləsin. Amin!!!

AzNews.az