Rüstəm İbrahimbəyov bu həftə Bakıya qayıdır – ÖZƏL

5 Avqust 2013 09:53 (UTC+04:00)
Milli Şura sədri Müsavat başqanının ehtiyat namizəd kartını əlindən almaq istəyir

Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyov qurumun növbəti sessiyasına qədər Azərbaycana qayıdacaq. AzNews.az-ın məlumatına görə, bu iddia ilə Milli Şuradakı mötəbər mənbə çıxış edib. Məlumatda bildirilir ki, R.İbrahimbəyovun avqust ayının 10-a qədər Bakıya dönəcəyi gözlənilir.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən gələn həftə Azərbaycanda seçki kampaniyası rəsmən başlayır. Məhz bu səbəbdən də R.İbrahimbəyovun ayın 10-da ölkəyə gəlməsi və rəsmən prezidentliyə namizəd olması planlanıb. MŞ-dəki mənbənin sözlərinə görə, qurumun növbəti sessiyası da məhz İbrahimbəyovun Azərbaycana gələcəyi günə hesablanıb. Belə ki, daxil olan məlumata görə, MŞ-in növbəti sessiyası da avqustun 10-a təyin ediləcək. Bu barədə bu gün Milli Şura rəhbərliyinin toplantısında qərarın qəbul ediləcəyi gözlənilir.

Bildirilir ki, Milli Şuranın növbəti sessiyasında qurumun sədrinin təklifi ilə Təşəbbüs Qrupu yaradılacaq və həmin qrup İbrahimbəyovun prezidentliyə namizədliyini rəsmən irəli sürəcək. Mənbənin sözlərinə görə, Milli Şuranın növbəti sessiyasına qədər R.İbrahimbəyov özü də hər nə yolla olur olsun, ölkəyə qayıtmaq istəyir. Buna səbəb isə onun sessiyada iştirakının Müsavat başqanı İsa Qəmbərin ehtiyat namizədlə bağlı təklifini də gündəmdən çıxaracağını bilməsidir. Bildirilir ki, İbrahimbəyovun MŞ-in növbəti sessiyasında iştirak etməsi Müsavat başqanının ehtiyat namizədin vacibliyi ilə bağlı əsas arqumentlərini əlindən alacağı üçün kinorejissor sessiyada iştirakı qarşısında məqsəd qoyub. O, bütün mümkün əlaqələrini işə salaraq bu həftə ərzində Rusiya vətəndaşlığından çıxmaqla bağlı problemini həll etmək niyyətindədir. Məlumatda bildirilir ki, MŞ-in növbəti sessiyasına qədər Rusiya vətəndaşlığı ilə bağlı məsələ həll edilməsə, bu, R.İbrahimbəyovun Müsavat başqanına birmənalı məğlubiyyəti olacaq və bu halda sədrsiz keçiriləcək növbəti toplantıda MŞ-in özünə ehtiyat namizəd seçməsi ehtimalı ciddiləşəcək.

Növbəti sessiyada həmçinin, R.İbrahimbəyova imza toplayacaq şəxslərin kimliyinin də konkretləşdiriləcəyi bildirilir.

Elnur
AzNews.az