Siyasi şərhçi: "Azərbaycan qonşularına qarşı qeyri-dost addımlar atmır"

6 Dekabr 2023 18:22 (UTC+04:00)

“Azərbaycan Prezidentinin çıxış etdiyi regional platforma həqiqətən də perspektivli platformadır. İlk dövrlərdə bu təklif səslənəndə biz Türkiyədən başqa digər ölkələrin bir qədər tərəddüdlü yanaşmasını müşahidə etmişdik. Sonra cərəyan edən hadisələr göstərdi ki, Azərbaycan Prezidenti çox yerində və samballı məsələ ilə bağlı çıxış edibdir. Bu ideyanın nə dərəcədə real, vacib olduğunu və eyni zamanda geosiyasi hadisələrin gedişatı və regionda baş verən olaylar bunu sübut etdi. Rusiya kimi böyük dövlətin bu platformaya maraq göstərməsi təbii ki, təqdir olunacaq haldır”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O bildirib ki, son bir neçə ayda Ermənistanın anti-Rusiya ovqatına köklənməsi, bu meyillərin güclənməsi və prosesin Rusiyanın Cənubi Qafqazda maraqlarına zərbə vurması konteksində dəyərləndirsək, məsələ bizə aydın olur.

“Ermənistan təkcə anti-Rusiya ovqatına köklənərək Rusiyanın maraqları əleyhinə çıxış etməklə qalmır həmçinin bu bölgəyə yad olan Fransa, ABŞ kimi gücləri bölgəyə cəlb etməyə çalışır. Təbii ki, bu da Rusiyanın maraqlarına uyğun gəlmir. Rusiya bu prosesdən həm də ciddi şəkildə narahat və narazıdır. Azərbaycan isə istər “3+3” formatında olsun, istər digər əməkdaşlıq platformalarında özünün maraqlarını qoruyub saxlayır. Qonşularının, tərəfdaşlarının, müttəfiqlərinin maraqlarını nəzərə alır. Bu maraqlara zərər vuracaq, narazılıq yaradacaq məqamları Azərbaycan tərəfindən müşahidə etmirik. Azərbaycan qonşularına qarşı qeyri-dost addımlar atmır. Bu “3+3” formatında da bütün bu məsələlər əksini tapıb. Bu format eyni zamanda Cənubi Qafqazın problemlərini Azərbaycan, Gürcüstan, Ermənistan və onlara qonşu olan ölkələrin köməkliyi ilə həllini nəzərdə tutur. Bu format həmin yad qüvvələrin iştirakını istisna edir. Ona görə də Rusiya bu məsələlərdə maraqlıdır. “3+3” formatı həm Cənubi Qafqaz ölkələrinin, həm də onun qonşularının maraqlarına cavab verir”.

Rəfiqə NAMAZƏLİYEVA