İsa Qəmbərin müavini: “Milli Şurada ajiotaj yaşanır“

5 Avqust 2013 10:32 (UTC+04:00)



Milli Şurada vahid namizədlik məsələsində fikirlər haçalanıb. Bir qrup adam var ki, onlar "olmazsa olmaz" prinsipi ilə hərəkət edirlər, digər bir qrup isə alternativ namizəd məsələsini gündəmə gətirir.

Bunu bazar ertəsi Trend-ə Milli Şurada təmsil olunan Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.

S.Əlisoy hesab edir ki, müxalif düşərgədə bu iki fikir bir-biri ilə qarşı-qarşıyadır: "Zaman göstərəcək ki, hansı qrupun dediyi düzgündür. Amma zamanın göstəricisi təbii ki, Milli Şuranın xeyrinə olmayacaq. Yəni "olmazsa olmaz" prinsipi ilə hərəkət etmək əksər hallarda uğur gətirmir".

Əlisoyun fikrincə, Milli Şura bunu əvvəldən fikirləşməli idi, "pasport" məsələsi Milli Şura yarananda gündəmə gəlməli idi və digər hallar var ki, bunlar əvvəldən öyrənilməli idi: "Bunu öyrənməmişik, bu, bizim səhvimizdir və bunu etiraf etməliyik. Milli Şurada bəlli isimlər var ki, "olmazsa olmaz" prinsipi ilə hərəkət edirlər və Rüstəm İbrahimbəyovun üzərində dayanırlar. Böyük ehtimalla onların əminliyi var. Onlar əminlik hiss edirlər ki, Rüstəm İbrahimbəyovun pasport məsələsi həll olunacaq, o, Azərbaycana qayıdacaq, namizədliyi qeydə alınacaq və Milli Şura seçkilərdə iştirak edəcək. Amma nədənsə bu, inandırıcı görünmür, çünki zaman çox azdır".

Başqan müşaviri hesab edir ki, "olmazsa olmaz" prinsipi ilə hərəkət edənlər böyük bir riskə gedirlər: "Yəni hər bir siyasi partiyanın ən ündə vəzifəsi seçkilərdə iştirak etməkdir. Bu, hər hansı bələdiyyə seçkisi olsaydı və yaxud majoritar sistemdə bir nəfərin namizədliyi söhbəti olsaydı, bunu anlamaq olardı. Amma burada söhbət ondan gedir ki, Azərbaycanda Milli Şurada nəhayət ki, özünü müxalif sayan partiyaların bir yerə cəm olması və indi bu duruma düşməsi acınacaqlı bir vəziyyətdir. Bunu hesablamaq lazım idi".

S.Əlisoy hesab edir ki, bu onu göstərir ki, istər Milli Şura olsun, istər hər hansı bir siyasi qurum olsun, bunların "beyin mərkəzləri" olmalıdır, hesablanmış taktiki gedişlər aparılmalıdır, bir-iki nəfərin, üç nəfərin düçüncəsi ilə hər hansı bir ciddi məsələni ortaya qoymaq çətindir.

S.Əlisoyun fikrincə, bu gün müxalif düşərgədə bir ajiotaj var: "Burada söhbət faktiki olaraq müxalifətin seçkidən uzaq durmasından gedir. İndi ortaya nə çıxacaq? Rüstəm İbrahimbəyovun namizədliyi alınmasa, Azərbaycana gəlişi mümkün olmasa, o zaman nə baş verəcək? O zaman Milli Şura digər bir namizəd ortaya çıxara biləcəkmi? Bunlar ciddi suallardır. Hətta Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınsa və yaxud alternativ namizəd qeydə alınsa çox sıxlaşmış bir təqvimə məruz qalacaq. Bu, xaotik bir vəziyyətdir".

Müsavat Partiyasının seçkilərə öz namizədi ilə getməsi məsələsinə münasibət bildirən Əlisoy qeyd edib ki, yəqin ki, Müsavat Partiyası Milli Şuranın növbəti sessiyasından sonra öz qərarını verəcək.

AzNews.az