Avropa İttifaqı HƏMAS-ın iki nümayəndəsinə qarşı sanksiya tətbiq edib

8 Dekabr 2023 21:10 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Fələstinin HƏMAS radikal hərəkatı hərbi komandanlığının iki nümayəndəsinə qarşı sanksiya tətbiq edib.

Aznews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının saytında məlumat dərc olunub.

“Şura iki şəxsi Aİ-nin terrorçu siyahısına daxil etmək qərarına gəlib. Bu qərar Avropa İttifaqının HƏMAS-ın yaratdığı təhlükəyə, həmçinin 2023-cü il oktyabrın 7-də İsraildə ayrı-seçkilik etmədən törətdiyi qəddar terror aktlarına cavabının bir hissəsidir”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.