Məhərrəm Əliyev Prezidentin köməkçisi vəzifəsindən azad edilib, səfir təyin olunub

9 Dekabr 2023 13:05 (UTC+04:00)

General-polkovnik Məhərrəm Abış oğlu Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Aznews.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Prezidentin daha bir Sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.