“BMW“ aşdı; biri azyaşlı olmaqla üç sərnişin öldü

5 Avqust 2013 11:57 (UTC+04:00)
Şəmkirdə baş verən qəzada 3 nəfər ölüb. Ölənlərdən birinin cəmi 6 yaşı olub.

Trend Türkel TV-yə istinadən bildirir ki, 3 nəfərin ölümü ilə nəticələn yol qəzası ötən gün gecə saat 12:00 radələrində Bakı-Qazax avto magistiralının 386 km-də, Şəmkir rayonun Əliyaqublu kəndi ərazisində qeydə alınıb. Belə ki, Gədəbəy rayon sakini 28 yaşlı Rizvan Aslanov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Bu zaman avtomobildə olan sərnişinlər - 22 yaşlı Ləman Quliyeva, 23 yaşlı Maarif Məmmədov və 6 yaşlı Amin Qurbanov elə hadisə yerindəcə dünyalarını dəyişiblər.

Qəza zamanı ciddi xəsarət alan "BMW"nin sürücüsü Rizvan Aslanov və sərnişini Fəxrəddin Qurbanov ağır bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, sürücünün vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

AzNews.az