“Növbədənkənar prezident seçkilərinin elan edilməsindən sonra icmaiyyətdə geniş müzakirələr yarandı. Seçkilər nəzərdə tutulduğu vaxtdan daha əvvələ keçirildi. Əminliklə deyə bilərəm ki, bu seçkiləri zəfər seçkiləri adlandırmaq olar. Çünki ərazi bütövlüyümüz və suverenlik ölkədə təmin edildikdən sonra bu seçkilər ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcəkdir. Digər tərəfdən müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin alternativi, rəqibi də görünmür”.
Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
O qeyd edib ki, cənab prezident çox böyük üstünlüklə, xalqın dəstəyinə arxalanaraq növbədənkənar seçkilərə gedir.
“Eyni zamanda məhz siyasi rəqabət mühitinin formalaşması üçün bölgədə çox işlər görüldü. Siyasi partiyalar haqda qanunun qəbul olunmasından sonra siyasi partiyalar dövlət reyestrinə alındı. Heç kim ittihamla çıxış edə bilməz ki, onun müraciətinə baxılmadı və ya hər hansı siyasi qüvvə kənarda qaldı. Hər şey şəffaf, obyektiv, qərəzsiz formada icra olundu. Əgər kiminsə seçici kütləsi və siyasi çəkisi kifayət etmirsə, günahı hər kəs özündə axtarmalıdır. Digər tərəfdən radikal düşüncəyə malik, seçkiləri boykot etmək niyyətində olan qüvvələr də seçkiyə heç bir kölgə sala bilməyəcəklər. Bu seçki Azərbaycan tarixində əlamətdar hadisə kimi qalacaqdır. Düşünürəm ki, bu seçkilərdə cənab prezident İlham Əliyev mütləq qələbə qazanacaq.”
Rəfiqə NAMAZƏLİYEVA