“Azərbaycanla Qərb arasında rəsmi Bakı tərəfindən münasibətlərə heç bir problem olmayıb. Azərbaycan hər zaman Qərb və digər ölkələrlə məsafəli şəkildə bir-birinin daxili işlərinə qarışmadan, bərabər hüquqlar çərçivəsində münasibətlər qurmuşdur. Azərbaycan Qərbin, xüsusilə də Amerikanın anti-terror əməliyyatlarında yaxından iştirak etmiş bütün layihələrində böyük şirkətlərlə əməkdaşlıq etmişdir və etməkdə davam edir. Azərbaycan eynilə qonşu dövlətlərlə olduğu kimi bütün digər ölkələrlə də dostluq içərisində münasibətlər quraraq həmin münasibətləri daha da inkişaf etdirmişdir. Təkcə Ermənistandan başqa. Buna da səbəb odur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edərək 30 ilə yaxın müddətdə işğalda saxlamışdır. Azərbaycan haqlı olaraq Ermənistanla münasibətləri müstəqil dövlət olduqdan sonra kəsmişdir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi ekspert Ramiz Alıyev deyib.
Siyasi ekspert qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin bərpa olunması və Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsi əlbətə ki, nə Qərbin, nə də Rusiyanın istəyinə uyğun həyata keçirilir.
“Burda vacib olan Azərbaycan və Ermənistanın istəyidir. Bu istəkdə onda ibarət olmalıdır ki, regionda həqiqi sülh, sabitlik olsun. Ancaq təəssüf ki, Qərb ölkələrindən bəziləri bu münasibətlərin sülh və sabitlik şəklində bərpa olmasını istəmir. Əksinə Ermənistana istər hərbi, istərsə də maliyyə yardımı edərək Ermənistanı yeni müharibəyə hazırlamaq cəhdləri göstərirlər. Ancaq təbii ki, bunların hər biri yanlışdır. Bu yalnışı həmin ölkələr özləri də çox yaxşı bilir. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan artıq qalib dövlətdir, öz ərazi bütövlüyünü bərpa etmiş, BMT nizamnaməsinə uyğun olaraq da Azərbaycan haqqlı olduğunu sübut etmişdir. BMT Təhlükəsizlik Şurasının çıxardığı qərarı 30 ilə yaxın müddət kağız üzərində qalsa da, Azərbaycan o qərarı həll edərək həm də BMT-nin özünü rüsvayçılıqdan qurtardı. İndi isə Azərbaycanla Qərb arasında son aylarda yaranmış problemlər ondan ibarət idi ki, Azərbaycan Qərbin bütün planlarını pozdu. Azərbaycan öz suverenliyini müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə təmin etdi və bu da Qərbin planlarına zidd idi. Çünki orada olan seperatçı rejim Qərbin bir aləti idi. Orada qanunsuz fəaliyyət göstərən, terrorçuluqla məşğul olan həmin separatçılar Qərbin və digər başqa ölkələrin müəyyən dairələrinin sifarişlərini yerinə yetirirdilər”.
R. Alıyev həmçinin vurğulayıb ki, hazırda Qərb dövlətlərinin bəziləri imkan vermək istəmir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlansın.
“Ermənistanla sülh müqaviləsi bağlandığı təqdirdə Zəngəzur dəhlizi açılacaq. Bu halda Ermənistan da bizim digər qonşu dövlətimiz olan Gürcüstan kimi inkişaf edəcək. Ermənistan da Zəngəzur dəhlizinə razı olacağı təqdirdə təbii ki, ölkə olaraq inkişaf etməyə başlayacaq. Ermənistan artıq başqa hansısa dövlətin asılılığında olmayacaq və hansısa bir dövlət Ermənistana təzyiqlər edə bilməyəcək. Bu da Qərb dairələrinin vaxtilə Ermənistanı himayə edən, alət kimi istifadə edən qüvvələrin işinə gəlmir. Buna görə də onlar həvəslə çalışırlar ki, Ermənistan sülh müqaviləsini uzatsın. İstər Azərbaycana müəyyən təzyiqlərin edilməsi, istər Ermənistana təhdidlərin edilməsi bu yöndədir. Ona görə də həmin Qərb ölkələri Rusiyanın vasitəçilik etməsinə qarşıdırlar. İstəmirlər ki, Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsi bağlansın. Həqiqətən Qərb ölkələri Ermənistanın inkişafını istəyirsə, ən əsası regionda sülh və sabitliyi istəyirlərsə, razı olmalıdırlar ki, iki dövlət arasında sülh hər hansı vasitə ilə həyata keçsin.
Rusiya ilə Ermənistan arasındakı münasibətlər isə bildiyimiz kimi çox gərgindir. Ermənistan tərəfi müqavilə bağlanacağı təqdirdə Rusiyanın vasitəçiliyini deyil, Qərbin vasitəçiliyini üstün tutur. Azərbaycan üçün isə bunun heç bir fərqi yoxdur. Önəmli olan şərtlərin qəbul olunması və sülh müqaviləsinin bağlanması istəyidir. Ermənistan son vaxtlarda sanki bir alət olmaqdan qaçmağa çalışır. Şərti sərhəddə delimitasiya və demarkasiya komissiyalarının sədrlərinin görüşü oldu. Həm Ermənistan, həm Azərbaycan nümayəndələri görüşdülər. Daha sonra isə əsrlərin mübadilədi prosesi baş verdi. Bu da vasitəçilər olmadan həyata keçdi. Eyni zamanda iqlim dəyişikliyi ilə bağlı tədbirin Azərbaycanda keçirilməsinə dair məsələdə Ermənistan öz namizədliyini geri götürdü və Azərbaycanın namizədliyini dəstəklədi. Bu özü də gözəl addımdır. Bütün bunlar onu deməyə əsas verir ki, tərəflərin iştirakı olmadan da bu sülh müqaviləsi razılaşaraq imzalana bilər. Qərb regionla bağlı Azərbaycanın təkliflərini, istəklərini nəzərə alıb dəstəkləməlidir”.
Rəfiqə NAMAZƏLİYEVA
QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə ictimai və dövlət maraqlarının müdafiəsi sahəsi üzrə hazırlanmışdır.
