Ermənistan ordusundakı Rusiya istehsalı silahları bitirmək istəyir - Ekspert

19 Dekabr 2023 17:59 (UTC+04:00)

“Aydın məsələdir ki, Ermənistan 44 günlük müharibədən sonra bütövlükdə ordusundakı Rusiya istehsalı olan silahları bitirmək istəyir. Onlar çalışırlar ki, digər dövlətlərdən daha çox silah-sursat alsınlar. Həmin dövlətlərin içərisində olanlar aydındır ki, Hindistan, İran, Fransa və digərləridir.

Son zamanlar 150 mindən artıq qumbaraatanlar əldə ediblər. Bu da heç də az say deyil. Ermənistan ordusu üçün əl qumbaraatanlarının bu sayı kifayət qədər böyük bir rəqəmdir. Təsəvvür edin ki, əgər bunların 70-80 minlik silahlı şəxsi heyəti varsa, hər birinə təxmini 2 qumbara düşür. Anti-terror tədbirləri zamanı Hindistandan və İrandan əldə olunmuş pilotsuz uçuş aparatlarının istifadə olunması da təsdiqləndi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında hərbi ekspert Telman Qasımov deyib.

Hərbi ekspert qeyd edib ki, əldə edilən silah-sursatlardan Azərbaycan məlumatlıdır və onların əleyhinə lazım olan silahları alır.

“Ermənistan Rusiyaya silahların alınması üçün kifayət qədər pul ödəmişdi. Lakin bu günə qədər nə pul qaytarılıb, nə də silahlar təmin olunub. Alınan silahların içərisində müdafiə və hücum xarakterli silahlar da var. Görünür ki, burda məqsəd Ermənistan tərəfinin yenə də hazırlaşmağıdır. Ermənistan sülh müqaviləsi ilə bağlı danışıqlar aparır, müharibə istəmədiyini deyir. Digər tərəfdən isə arsenallarının gücünü artırırlar”.

Rəfiqə NAMAZƏLİYEVA