Rəsmi İrəvan bu fürsətdən maksimum yararlanmaq istəyir - Turan Rzayev

19 Dekabr 2023 19:00 (UTC+04:00)

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi bir fürsət yetişib. Sevindirici haldır ki, son zamanlar hər iki tərəfin sərgilədiyi mövqe sülhə olan inamı artırır. Ermənistanın baş naziri Nikol Paşinyan əslində uzun müddətdir ki, bu istiqamətdə açıqlamalar verir. Ancaq biz bir müddət öncə Paşinyanın bu sözlərinin səmimi olmadığını gördük. İndiki məqamda isə Paşinyanın sözlərini səmimi qəbul edə bilərik çünki Ermənistanın başqa bir variantı yoxdur. Ermənistan başa düşür ki, Azərbaycan və Türkiyənin arasında qalıbdır. Müharibə, münaqişə vəziyyətini davam etdirmək Ermənistanın ancaq zərərinə ola bilər. Ermənistanın artıq dənizlərə çıxış əldə etməsi lazımdır. Ermənistanın arzuladığı kimi deyil beynəlxalq hüququn norma və prinsiplərinə görə Ermənistanın əməkdaşlıqla, münasibətlərin normallaşması ilə dənizə çıxışı mövcuddur. Azərbaycanla sülh müqaviləsi imzalanacağı təqdirdə Ermənistan gələcəkdə Xəzər dənizinə də çıxış əldə edə bilər".

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

Siyasi şərhçi qeyd edib ki, Nikol Paşinyanın hazırkı məqamda qeyd etdiyi sözlər onu deməyə əsas verir ki, rəsmi İrəvan reallığı dərk edir və münaqişənin bitməsi üçün bu fürsətdən maksimum yararlanmaq istəyir.

“Nikol Paşinyanın sözlərinin birmənalı qarşılanmaması təbiidir, çünki Ermənistanda hələ də ultra-milliyyətçi radikal sağ qüvvələr çoxdur. Bu qüvvələr təbii ki, ideologiyasının əsas konsepsiyasını revanşizm təşkil edir. Onların “dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə yetişmiş şəxslərdir. Ömrünü belə bir mifə sərf etmiş insanların bu gün reallığı dərk edib, yeni dövrün tələblərinə uyğunlaşmasını gözləmək bir qədər sadəlövhlük olardı. Paşinyanın da əslində qarşısında duran ən böyük problemlərdən biri məhz bu təfəkkürdə olan insanlarla mübarizədir. Belə insanlar Ermənistanda olmasa idi, bəlkə də sülh müqaviləsi istiqamətində Paşinyan daha rahat addımlar ata bilərdi. Düşünmürəm ki, bu fikir ayrılıqları da sülh prosesinə maneəçilik törətsin. Çünki Paşinyan az qala parlamentdə və yaxud televiziyadakı hər çıxışını daha sonra müxalifətə izah edir. O bu addımları niyə atdığını və məcburiyyətlərini insanlara başa salır. Bu baxımdan həqiqətən də Cənubi Qafqaz üçün tarixi bir fürsət yetişib. Azərbaycan-Ermənistan münaqişəsinin 200 ilə yaxın bir tarixi var. Artıq biz bu münaqişənin Dağlıq Qarabağ detalının bitdiyinin şahidi olmuşuq. Qalan münaqişə yalnız Azərbaycan-Ermənistan münaqişəsidir ki, bu münaqişənin də bitməsi Cənubi Qafqazda həllini gözləyən digər münaqişələrin həll edilməsinə olan ümidləri artıracaq”.

T. Tzayev həmçinin bildirib ki, Paşinyan indiki məqamda sülh müqaviləsinin imzalanmasına çalışır və əslində onun bu qənatə gəlməsində Azərbaycan tərəfinində sərgilədiyi mövqelər olduqca önəmlidir.

“Sərhəd komissiyasının görüşü keçirillir burada ümumi müddəalar, qaydalar müəyyənləşdirilir. Delimitasiya və demarkasiya ilə bağlı prossesin həlli istiqamətində mühüm addımdır. Bundan başqa bir neçə gün öncə hərbiçilərin mübadiləsi məsələsi gerçəkləşdirdi. Bu da əslində 30 illik münaqişə tarixində olduqca yeni və pozitiv davranış idi. Ermənistan tərəfinin beynəlxalq təşkilatlarda Azərbaycan lehinə qərarlar verməsi və Azərbaycanın xeyrinə də geri atması müsbət bir addımdır. Bütün bunlar göstərir ki, artıq Ermənistan tərəfidə sülh istiqamətində real addımlar atır və bunun da nəticəsini böyük ehtimalla 2024-cü ildə görəcəyik”.

Rəfiqə NAMAZƏLİYEVA