Deputatdan təklif: Dərslər 1 sentyabrda başlasın

5 Avqust 2013 16:22 (UTC+04:00)

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa maraqlı təkliflə çıxış edib.

AzNews.az-ın məlumatına görə, F.Mustafa dərs ilinin yenidən sentyabrın 1-də başlamasını təklif edib. Deputat bununla bağlı özünün "facebook" səhifəsində belə yazıb:

"Azərbaycanda təhsilin vəziyyəti hər bir vətəndaşımızı düşündürməlidir və buna yalnız bir nazirliyin işi kimi baxmaq doğru sayılmaz. Çünki həm şagird, həm tələbə, həm müəllim, həm də valideyn olaraq, hamımız bu proseslə bağlı olduğumuza görə, bu sektorda baş verən pozitiv və neqativ dəyişikliklər hamımızı düşündürməli, işin faydasına olan hər bir təklifimizi səsləndirməkdən çəkinməməliyik. Düşünürəm ki, bu sahədə atılacaq ən vacib addımlardan biri və bəlkə də birincisi cəsarətli qərar qəbul edib, bütün məktəbəqədər təhsil müəssisələrində, orta və orta ixtisas məktəblərində, ali məktəblərdə dərslərə sentyabr ayının 1-də başlamaqdır.

Təhsil proqramını mənimsəmə vaxtının qısa olması da təhsilin keyfiyyətinə ciddi təsir göstərən amillərdəndir. Bunu bir vaxtlar havaların istiliyi ilə əlaqələndirirdilər, halbuki istilik bəhanədirsə, o zaman bütün qəbul imtahanlarının yay aylarında keçirilməsi qadağan olunmalı, yalnız yazda və ya payızda keçirilməsi nəzərdə tutulmalıdır.

Məncə, bəri başdan 15 gün itirilməsi proqram tərtibində də xeyli çətinliklər yaradır.

Üstəlik, bu il Prezident seçkilərində seçki məntəqələrinin əksəriyyətinin təhsil müəssisələrində yerləşdirilməsi və dairə və məntəqə seçki komissiyalarının üzvlərinin əhəmiyyətli hissəsinin müəllimlər olması dərs keyfiyyətinə də təsirsiz ötüşməyəcək. Bir reallıq da var ki, may ayının son 15 günü orta məktəblərdə faktik olaraq, dərslər intensiv keçirilmir. Məncə, bu məsələnin təxirə salınmadan həlli ümumi işimizin faydasına olardı".

Anar
AzNews.az