Suriyada kütləvi qətliam; 450 kürd mənşəli sakin edam edidi

6 Avqust 2013 07:02 (UTC+04:00)
"Cəbhət ən-Nüsrə" və "İraq və Levantedə İslam Dövləti" ekstremist qruplaşmaların üzvü olan silahlılar Suriyanın şimalında növbəti kütləvi qətliam törədiblər.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, silahlılar Türkiyə ilə sərhəddə yerləşən Tel Əbyad şəhərində girov götürdükləri 450 kürd mənşəli sakini edam ediblər (120 uşaq, 330 qadın və qoca).

"Əl Aləm" İran telekanalı bundan bir müddət əvvəl 300-dən çox sakinin radikal islamçılar tərəfindən girov götürüldüyü barədə xəbər verib. Girov götürülən şəxslərin hamısının əvvəllər Azad Suriya Ordusuna tərkibində olan "kürd briqadası"nın döyüşçülərinin ailə üzvləri olduğu bildirilir. Lakin, kürdlərin kompakt yaşadıqları Əl Hasika və Rakka əyalətlərində islamçılarla silahlı münaqişə başlandıqdan sonra onlar kürd özünümüdafiə dəstələrinin tərəfinə keçib.

Hökumət və müxalifət KİV-ləri hələlik qətliam barədə xəbəri təsdiqləməyiblər. "Suriya əl-En" xəbər portalı qeyd edir ki, girovları edam etməklə "Əl Qaidə" silahlıları " son həftələr ərzində yaşanan məğlubiyyətlərə görə" kürdlərdən qisas alıb.

"Əl Aləm" telekanalı həmçinin Latakiyanın şimalında ələvilər icmasının şeyxi Bədrəddin Qəzzalın girov götürüldüyünü xəbər verib. Bundan başqa ələvilər icmasının üzvü olan 100-dən çox qadın və uşağın silahlılar tərəfindən girov götürüldüyü də qeyd olunur. Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd də ələvilər icmasının üzvüdür.

AzNews.az