Müsavatçıların lideri Məhəmməd Əmin Rəsuzladənin Azərbaycan tarixindəki yeri və rolu, yumşaq desək, mübahisəlidir. Bu mübahisələrin alovlanmasında Rəsulzadənin ziddiyyətli şəxsiyyəti ilə yanaşı, ötən əsrin əvvəllərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin və onun nəticələrinin pozitiv tarix elminin prinsip və metodologiyası çərçivəsində araşdırılmaması xüsusi rol oynayır. Azərbaycan 1920-ci ilin aprelində bolşeviklər tərəfindən işğal edildikdən sonra mühacirətə üz tutmuş cümhuriyyət qurucuları birinci respublikanın tarixi ilə bağlı araşdırmalar aparıb, memuarlar qələmə alıb, müsahibələr verib, məqalə və kitablar yazıblar. Bu nəşrlərin böyük əksəriyyəti Müsavat partiyasının rəhbərləri- Məhəmməd Əmin Rəsulzadənin və Mirzəbala Məmmədzadənin ideoloji, psixoloji və siyasi basqısına məruz qalıb. Məhəmməd Əminin mühacirətdə Əlimərdan bəy Topçubaşov, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasmməmmədov, Nağı bəy Şeyxzamanlı və digər cümhuriyyət qurucularına qarşı tətbiq etdiyi siyasi diskriminasiya metodlarını xatırlayanda elmi yox, ideoloji Müsavat tarixinin meydana çıxması təəccüblü görsənmir. İş həm də bundadır ki, 20-ci əsrin 20-ci illərindən sonra saxta “pro-müsavat” tarixi formalaşdığı kimi, qərəzli anti-müsavat tarixi də yazılırdı. Nəriman Nərimanov, Mirzə Davud Hüseynov kimi bolşeviklərin Müsavata və onun liderlərinə bəslədikləri ideoloji düşmənçilik sovet tarixçiləri tərəfindən daha şiddətlə davam etdirilirdi.

SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda başlayan azadlıq hərəkatının şanlı keçmişə ehtiyacı vardı. Meydan hərəkatının başına keçmiş orta ziyalı təbəqəsinin nümayəndələri məhz bu ehtiyac içində Xalq Cümhuriyyətini xatırladılar, Türkiyədəki Azərbaycan diasporunun təlqini ilə özlərini “müsavatçı” elan etdilər. Müsavat Partiyası Azərbaycanda bərpa olundu, milli-azadlıq hərəkatının nüvə təşkilatı AXC-nin varisi olan partiya da müsavatçılığı əsas ideologiyası elan etdi. Meydan hərəkatının liderlərinin bir çoxu tarixçi olsalar da, onların Cümhuriyyət dövrününün siyasi xadimləri, o cümlədən Məhəmməd Əmin barədə ciddi və geniş məlumat bazasına malik olmaları, Anadolu türkləri demiş, söz konusu deyildi. Odur ki, tələm-tələsik cümhuriyyət dövrünün araşdırılmasına start verildi. Yenidən müstəqillik qazanmış Azərbaycanda ərsəyə gələn pro-müsavatçı tarixçilər tağımı tərəfindən Rəsulzadə Xalq Cümhuriyyətinin “qurucu lideri” kimi öyülməyə başladı. Bu ideoloji dalğa bir çox kompartiya tarixçilərini də ağuşuna aldı. Onlar bir tarixi şəxsiyyət kimi Məhəmməd Əmin Rəsulzadınin kölgəsinə sığınmaqla öz akademik dərilərini qorumağa çalışdılar. Dilarə Seyidova, İradə Bağırova, Vasif Qafarov, Həsən Həsənov, Anar İsgəndərov, Türyan Əzizov kimi alimlər hər nə qədər tarix elminin Azərbaycanda formalaşmış yaxşı ənənələrinə bağlı qalaraq xeyli dərəcədə obyektiv araşdırmalar aparmağa çalışsalar da, populizmin pozitivizmi üstələməsinə mane ola bilmədilər. Elə bu səbəbdən də bu gün Məhəmməd Əmin Rəsulzadə barədə mübahisələr əslində sırf elmi səciyyə daşımır, daha çox elmi olanla elmi olmayanlar arasındakı təməl ziddiyyətlərə söykənir. Nə qədər ki, Rəsulzadə və onun qurucularından biri oldiğu Xalq Cümhuriyyəti pozitiv tarix elminin süzgəcindən keçirilməyəcək, müsavatçıların liderinin tariximizdəki yerinə və roluna sırf elmi qaydalar çərçivəsində qiymət verilməyəcək, elmi dünyagörüş polemikalarda əsas müstəvi olmayacaq.

İngiliscə bir termin var- “confirmation bias”. Türkiyədə bu termin “doğrulama yanlılığı” kimi tərcümə olunur. Ruscaya tərcüməsi isə daha uzundur: “Склонность к подтверждению своей точки зрения”. Bilimirəm nə qədər uğurlu ola bilər, zənnimcə, əsas mənanı və linqivistik imkanları nəzərə alaraq bu ifadəni dilimizdə “təsdiqkeşlik” kimi çevirə bilərik. Onsuz da yaxşı bir şey deyil, bu ifadə də məndən lüğətimizə peşkəş olsun. Təsdiqkeşlik- insanların öz həqiqətlərini dəstəkləyən məlumatları, rəyləri və fərziyyələri əldə etmək, uydurmaq və nümayiş etdirmək təmayülüdür. Bu təmayül insanların öz nöqteyi-nəzərlərinə yüksək emosional bağlılığına gətirib çıxarır, sistemli induksiya xətaları yaradır, illüziya korrelyasiyaları formalaşdırır və özündənpeyğəmbərliklə (ingiliscə: The Self-Fulfilling Prophecy) qurtarır. Bütün bunlar çox hörmətli həmkarlarımdan birinin Qulu Məhərrəmlinin “Məmməd Əmin Rəsulzadə” kitabını “eşq” sayağı təkkə terminologiyaları ilə öyəndə yadıma düşmüşdü. Amma pozitiv elmi dünyagörüş mənə oxumadığım bir çalışma barədə danışmağı qadağan etdiyindən üzərində dayanmamışdım. Mütaliəsini başa çatdırdığımdan əminliklə və tam oyektiv şəkildə deyirəm ki, bu çalışmanın pozitiv tarix düşüncəsi ilə yaxından-uzaqdan bir əlaqəsi yoxdur. Kitab təsdiqkeşliyin tipik nümunələrindən biridir, müəllifin özündənpeyğəmbərliyinə biçilən qaftandan başqa bir şey deyil. “Altun” nəşriyyatı kitabı son dərəcə nəfis tərtibatla, yüksək poliqrafik keyfiyyətlə və “Tarixi yaradanlar” seriyası üzrə çap edib. Əlbəttə, M.Ə.Rəsulzadənin tarixi yaradan şəxsiyyətlərdən olması şəksizdir. Ancaq kifayət qədər zəngin bioqrafiyaya, keşməkeşli ömrə və qəbul edib-etməməyimizdən asılı olmayaraq hələ də davam edən bir ideologiyanın kultlaşmış liderinə bunca səthi formada yazılmış yarı risalə, yarı referatı “tarixin atasını yandıranlar” seriyası ilə oxucuların ixtiyarına verilməsi daha düzgün olardı.

“Əminliklə deyə bilərik ki, müəllif istəyinə çatıb- Məmməd Əmin Rəsulzadənin ömür və mübarizə yolu barədə hər şeyi bütün inciliklərinə qədər bilmək istəyənlər üçün (!!!-T.Ş) başlıca qaynaqlardan sayılacaq kitab ortaya çıxıb”- çalışma oxuculara belə təqdim olunur. Hərçənd müsavatyönümlü tarixçi olmasını tənqid, tədqiqatçı kimi avtoritetini qəbul etdiyim, Məhəmməd Əminin bioqrafiyasının, fikrimcə, ən ciddi və ən samballı araşdırmaçısı olan Nəsiman Yaqublu müəllifin kitabda Rəsulzadənin adını düz yazmadığını kifayət qədər mötəbər arqumentlərlə ortaya qoyub. Rəsulzadə barədə hər şeyi və özü də bütün incəliklərinə qədər “araşdırmış” bir müəllifin onun adını belə doğru bilməməsi ancaq və ancaq təəssüf doğura bilər. N. Yaqublu bu kitabda müəllifin şəxsi əməyi nəticəsində üzə çıxmış heç bir sənədə, elmi fakta istinad edilmədiyindən də narazılıq sərgiləyir. Elmi-kütləvi ədəbiyyat olmasını nəzərə alıb bu narazılıqla razılaşmamaq olardı o halda ki, müəllif mətnin “tarixi faktlar və sənədlər işığında” qələmə alındığını və “başlıca qaynaq” olacağını iddia etməsin. Belə iddialar varsa, istifadə olunmuş ədəbiyyat siyahısında özünün bircə elmi məqaləsi göstərilməyən bir müəllifin başqalarının zəhməti hesabına “qaranlıq qalan məqamları aydınlaşdırması” akademik etikadan uzaq görünür.

Müəllifin başqa bir iddiası “dəqiq cavab gözləyərək dolaşan suallara” izah verməkdir. Rəsulzadə ilə bağlı dəqiq cavab gözləyən ən elementar sual onun sistemli təhsilinin olub-olmamasıdır. Hüseyn Bayqara Rəsulzadənin sistemli təhsil almadığını xüsusi vurğulayır. Bu rəy artıq bütün ciddi tarixçilər tərəfindən qəbul olunur ona görə ki, Rəsulzadənin texnikum bitirməsi barədə ortada heç bir dəlil-sübut yoxdur. Q. Məhərrəmli isə yazır:
“Məmməd Əminin təhsilini harada davam etdirəcəyi bəlli idi-atası oğlunu gələcəyin mühəndisi olaraq görmək istədiyi üçün o, Bakı Texniki Məktəbini seçməli oldu. Lakin tezliklə aydınlaşdı ki, bu məktəb və seçdiyi ixtisas gənc Rəsulzadənin ürəyincə deyil. Onun beynində gənclik romantikasından doğan coşqun milli-inqilabi ideyalar qaynayırdı”.
Göründüyü kimi, müəllif mübahisə doğuran suala qəti cavab vermədən aradan sivişir. Rəsulzadənin heç bir sahə üzrə yüksək təhsil bazasının olmaması isə, bir-birinə daban-dabana zidd olan mövqelərin onun siyasi kimliyində birləşməsinin əsas səbəbidir. Zənn edirəm bunu müəllif də intuitiv olaraq hiss etdiyindən Rəsulzadənin gənclik illərindəki sol inqilabçı fəaliyyətinin qarşısına “milli” sifəti artırmağı özünə borc bilir. Halbuki həmin illərdə gənc inqilabçımız türkçülük və islamçılıq əleyhinə Q. Məhərrəmlinin üstündən sükutla keçdiyi məqalələr yazır, “Milli Cəbhə” hesab olunan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimardan bəy Topçubaşovun düşərgəsinə qarşı mübarizə aparırdı. Məhərrəmli hər nə qədər “Rəsulzadə mübarizəyə başladığı ilk gündən son ana qədər əqidəsindən dönmədi” deyə car çəksə də, tarixi həqiqət başqadır. Rəsulzadənin Azərbaycana baxışı heç vaxt ardıcıl, sistemli və ən əsası, onun özünə məxsus ideyalara əsaslanmayıb. “Açıq söz” qəzetinin ideoloji konsepsiyasını təşkil edən türklük, islamçılıq, çağdaşlıq ideyaları yuxarıda adını çəkdiyimiz milli hərəkat liderlərinin sayəsində yayğınlaşdığı kimi, azərbaycançılıq, suverenlik, respublikaçılıq, parlamentçilik, konstitusiyaçılıq sayaq AXC-nin doktrinal sütunlarını da Rəsulzadə inşa etməyib. Sonunculardan ilk üçü “Azərbaycan formulu” qismində heç bir quşquya yer buraxmadan Nəsib bəy Yusifbəyliyə məxsusdur.
Yeri gəlmişkən, müəllif Müsavat və türkçülüyün ağsaqqalı İsmayıl bəy Qaspıralının kürəkəni N.b.Yusifbəylinin Gəncədə yaratdığı Türk Ədəmi Mərkəziyyət Partiyası arasındakı birləşməyə də səthi yanaşır və birləşmənin 20 iyun 1917-ci ildə rəsmiləşdiyini yazır. Halbuki bu iki təşkilat arasında birləşmə son dərəcə ciddi sosioloji və siyasi ehtiyaclardan doğan, geniş təhlil tələb edən və professor Anar İskəndərovun sərrast ifadə etdiyi kimi, Müsavatın oktyabr qurultayında başa çatan mürəkkəb proses idi. Bu ittifaq Bakı və çevrəsində gizli dərnək olmaqdan qabağa gedə bilməyən Müsavatın fəaliyyət arealını genişləndirsə də, daxilindəki çoxsaylı sosioloji amillərdən qaynaqlanan kəskin ziddiyyətləri aradan qaldıra bilmədi. Partiyanın daxilində 3 əsas qrup formalaşmışdı ki, Rəsulzadə özü bu tərəflərdən yalnızca biri idi. Sözügedən qarşıdurma Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasının əsas səbəblərindəndir.

Qulu Məhərrəmli kitabının bir vərəqində “Rəsulzadə hökumət böhranını necə sovuşdururdu” sualına cavab axtarıb. Maraqlıdır ki, bu məqamda o, AXC-nin ən dərin, birbaşa Müsavat daxilindəki nifaqlardan qaynaqlanan və çözülməyərək ilk respublikanı bolşevik təhdidi qarşısına etimad hökuməti olmadan çıxaran beşinci kabinetin düşürülməsindən bircə sətir də olsun bəhs etmir. Məgər partiyasındakı cəhli, firqəsinin çoxluqda olduğu parlamentdəki fraksiyadaxili çəkişmələri, hökumətdə müsavatçı baş nazir- Nəsib bəy Yusifbəyli ilə müsavatçı daxili işlər, daha sonra ticarət, sənaye və ərzaq naziri olmuş Məmmədhəsən Hacinski arasındakı nüfuz savaşını səngitmək, bu mümkün deyilsə, məsuliyyəti öz üzərinə götürüb yeni hökumət qurmaq həmin siyasi təşkilatın sədrinin borcu deyildi? Zira, yazdığı kitabın 100-cü səhifəsində Məmmədhəsən Hacınskini “müsavatçı hüquqşünas” kimi təqdim edəndən belə prinsipial suallara cavab gözləmək sadəlövhlükdür. Məmmədhəsən Hacinski istər xidmətləri, istərsə də xəyanəti ilə ixtisası səhv salınacaq bir fiqur deyil. Bakı bulvarının inşası ideyasının müəllifi Hacinski Peterburq Texnologiya İnstitutunun məzunu olaraq təkcə neft şəhərinin layihələndirilməsində iştirak etməmiş, dövrün ictimai-siyasi həyatında önəmli yer almış, Qafqaz Müsəlmanları Qurultayına “ərazi müxtariyyəti” ideyasını açıq məktubla təbliğ edən Bakı Müsəlman İctimai Təşkilatları Komitəsində sədr olmuşdu. Həmin komitədə Rəsulzadə onun müavini idi. AXC və Osmanlı arasında 4 iyun 1918-ci ildə bağlanan müqavilənin rəsmi protokolu təsdiq edir ki, Batum danışıqlarında AXC-nin nümayəndə heyətinə Milli Şuranın sədri deyil, məhz sözləşmədəki imzası kitabda “unudulan” xarici işlər naziri Məmmədhəsən Hacinski rəhbərlik edib. Bu da Milli Şura sədrinin AXC-nin dövlət başçısı olmadığını açıq şəkildə ortaya qoyan daha bir təkzibedilməz faktdır.
Batum danışıqlarından söz düşmüşkən, müəllif kifayət qədər sənədi çap olunmuş bu konfrans barədə də təsdiqkeşlik edir. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunacağı dəqiq vaxtdan ümumiyyətlə xəbərsiz olan Rəsulzadə, sən demə Batumda “İstiqlal bəyannaməsi”nin mətnini yazıbmış:
“O, İstiqlal Bəyannaməsinin layihəsini hazırlayaraq yaradılması nəzərdə tutulan Milli Şurada oxunacaq məktubla birgə Nəsib bəy Yusifbəyliyə verdi və mayın 25-də gecə təcili onu Tiflisə yola saldı”.
Müəllif bu cümləyə əlavə etdiyi notda bildirir ki, həmin məktub 2006-cı ildə çap olunmuş sənədlər toplusuna daxil edilməyib, bu mövzunu, yəni sənədin itməsini araşdırmağa ehtiyac var. Əvvəla, işdə olmayan, çap olunmamış bir məktubun məzmununu Qulu Məhərrəmli haradan bilir? Axı Rəsulzadənin Milli Şuranın iclasında oxunan məktub və teleqramları barədə iclasın stenoqramlarında belə bir ehtimal irəli sürməyə belə ipucu yoxdur, nəinki onu real hadisə kimi qələmə vermək ola?!.

İkincisi, “Əqdnamə”də Məhəmməd Əminin imzası yoxdur ona görə ki, o sənədin hazırlandığı və imzalandığı məkandan uzaqda olub. Əgər “Əqdnamə”ni özü hazırlamış olsaydı, ilk imza da ona məxsus olmalı idi.
Üçüncüsü, indi 21-ci əsrdir, kontent-analiz deyilən metod var. Bu metodla çox asanlıqla müəyyən etmək olur ki, “Əqdnamə”nin müəllifi kifayət qədər dərin hüquq biliyinə sahib şəxsdir. Məhəmməd Əmin Tomas Hobbsun dövlət və suverenlik nəzəriyyəsinin müddəalarını İstiqlal Bəyannaməsinin ilk maddəsində “əridəcək” qədər nə fəlsəfə, nə də hüquqla tanış idi.
Nəhayət, gürcülərin Zaqafqaziya Seymini tərk etdiyi təqdirdə müstəqillik elan olunması təklifi Batumda deyil, Tiflisdə- mayın 16-da Nəsib bəy Yusifbəyli və Xəlil bəy Xasməmmədov tərəfindən verilib. Bu istiqamətdə hazırlıqlar başlanması qərara alınıb. Məgər 20-ci əsrin əvvəllərində Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Fətəli xan Xoyski, Məmməd Yusif Cəfərov kimi siyasi karyera baxımından Rəsulzadədən çox-çox öndə olmuş hüquqşünasların “İstiqlal Bəyannaməsi”ni yazmağa qabiliyyətləri çatmırdı, yoxsa Tiflisdə qələm və mürəkkəb qəhətə çıxmışdı?
Ümumiyyətlə, müəllifin öz qəhrəmanını bu cür şit və bayağı üsullarla şişirtməsi kitabın əsas qayəsidir. Məsələn, 181-ci səhifədə yazılır:
“Hökumət İstanbul konfransına kifayət qədər yüksək diplomatik təcrübəsi olan Rəsulzadənin rəhbərliyi altında 7 nəfərlik nümayəndə heyəti göndərmək qərarına gəldi”.
Söhbət Gəncədəki toplantıda Milli Şuranın buraxılmasından və sədr kimi bütün səlahiyyətlərini itirməsindən sonra Rəsulzadənin İstanbula göndərilməsindən gedir. Bu qərarı dəfələrlə “siyasi sürgün” adlandırmışam, sağ olsun, bir yarımbaşlıq da bu mövzuya həsr edib. Fəqət bir qədər əvvəldə müəllif Rəsulzadənin Trabzon danışıqlarında iştirakını “böyük diplomatiyada ilk addımlar” kimi təqdim etdiyini unudub. Trabzon konfransı ilə İstanbul konfransı arasında bilirsinizmi nə qədər zaman fərqi var? Cəmi 3 ay!!! Görünür, Qulu Məhərrəmlidən fərqli olaraq Rəsulzadənin 3 ayda topladığı “kifayət qədər yüksək diplomatik təcrübə”yə kifayət qədər yüksək şübhə bəslədikləri üçündür ki, Osmanlı diplomatları Zaqafqaziya Seyminin müsəlman əzaları haqqında İstanbula göndərdikləri raportlarda açıq ifadələrlə onların müstəqil dövlət idarə etməyə səriştələrinin çatmadığını vurğulayırdılar. Elə İrəvanın ermənilərə “güzəşt edilməsi” də məhz bu səriştəsizliyin nəticəsi idi.
Q. Məhərrəmli İrəvanın ermənilərə verilməsi barədə yazır:
“İndinin özündə də çoxlu müzakirələrə səbəb olan və Cümhuriyyət xadimləri əleyhinə qərəzli şəkildə təbliğat materialı kimi istifadə həmin qərarın verildiyi iclasdan sonra...”
İrəvanın ermənilərin ovcuna qoyulması barədə AXC Milli Şurasının qərarının olması və qərarın həm o dövrdə, həm də indi müzakirələrə rəvac verməsi bir gerçəklikdir. Bu gerçəkliyi əvvəl danmağa çalışsalar da, nəhayət qəbul ediblər. Bu məsələdə mən də cümhuriyyət xadimlərini qınayanlardanam. Çünki bir siyasətçinin, dövlət adamının işi milli maraqlara, ərazi bütövlüyünə zidd olan şərtlərə boyun əymək deyil, o şərtləri dəyişdirmək, bunun üçün heç olmazsa, vaxt udmağa çalışmaqdır. Görəsən, Gəncədə hakimiyyəti başqa qüvvəyə təhvil verməmək üçün haqlı olaraq iki ayağını bir başmağa dirəyənlər İrəvanın güzəşt edilməsi təklifinə də eyni reaksiyanı göstərə bilməzdilərmi? Bunu bilmirik. Amma onu bilirik ki, dünən dövlət elan edib, bu gün torpaq güzəştə getməyə heç kim və heç vəchlə haqq qazandıra bilməz.

Sadəcə maraqlıdır, Qulu Məhərrəmlinin İrəvan məsələsi kontekstində “cümhuriyyət xadimləri əleyhinə qərəzli şəkildə təbliğat materialı kimi istifadə edənlərdən” danışanda prezident İlham Əliyevi nəzərdə tutmaqda məqsədi nədir? Bütün ictimaiyyət bilir ki, bu məsələ ilə bağlı cümhuriyyət xadimlərinin əleyhinə ən kəskin ifadələri məhz dövlət başçısı işlədib. İrəvanla bağlı Milli Şuranın qərarının səhv olması qənaətinə bir müddət sonra cümhuriyyət qurucularının özləri də gəlibsə, indi Qulu Məhərrəmlinin həmin məsələyə haqq qazandırmağa çalışması, yumşaq desək, Solmaz Tohidiçilikdir.
Çox təəssüf ki, Solmaz Tohidinin Qulu Məhərrəmliyə emosional təsirini müəllifin təkcə İrəvan məsələsində bütün günahı Osmanlının üzərinə yıxmaq cəhdində yox, elə “Gəncə böhranı”na yanaşmasında da görürük. Öncə onu qeyd edim ki, “Gəncə böhranı”ndan bəhs edərkən Qulu Məhərrəmli Əhməd Ağaoğludan savayı heç bir ilhaqçının adını çəkmir. Bu siyahı isə həddən artıq böyük və rəngarəngdir. Məsələn, “istiqlal şairi” kimi hər birimizin rəğbətlə yanaşdığı Əhməd Cavad da həmin ilhaqçılardan biridir. Ən önəmlisi, müəllif “ilhaqçı”ların AXC qurucularına qarşı irəli sürdüyü başlıca ittihama toxunmur. Bu ittiham ondan ibarət idi ki, Ümumrusiya Müəssislər Məclisinə seçilmiş, lakin məclis dağıldığı üçün bütün səlahiyyətlərini itirmiş şəxslər xalqı təmsil etmək mandatına sahib deyillər. “İstiqlalçılar” və “ilhaqçılar” arasındakı ixtilafa şaquli zamandan boylansaq, mən tərəddüdsüz və birmənalı şəkildə birincilərin, yəni Rəsulzadənin də daxil olduğu respublikaçıların mövqeyini dəstəkləyirəm. Bununla belə deməliyəm ki, “ilhaqçılar”ın arqumenti kifayət qədər güclüdür və ciddi izah tələb edir. Onların fikrincə, ÜRMM-ə seçilmiş müsəlman əzaların təmsilçilik mandatı nə Zaqafqaziya Seyminə qatılmağa, nə kooprasiya yolu ilə nümayəndələr təyin etməyə, nə də Milli Şura formalaşdırmağa uyğun idi. Ancaq məsələ bundadır ki, həmin şəxslərin sonrakı proseslərdə təmsilçiliyini ÜRMM-ə keçirilən seçkilər deyil, Qafqaz Müsəlmanları Qurultayı legitimləşdirirdi. Azərbaycanın istiqlalının elan olunması ilə ortaya qoyulan milli iradənin əsasını məhz Əlimərdan bəy Topçubaşovun sədarətində keçən həmin qurultay yaradır. Bu, təkcə bizimkilərə aid deyil. Gürcü və ermənilər də öz milli iradələrini məhz bənzər qurultaylar vasitəsi ilə ərsəyə gətiriblər. Qafqaz Müsəlmanları Qurultayı dövlət milləti olmağımızım fundamental bazasıdır.

Əlimərdan bəy Topçubaşovun liderlik etdiyi hərəkat millətləşmə mərhələsindən dövlətləşmə mərhələsinə həmin qurultayla keçdi. Kitabının 93-cü səhifəsində Qulu Məhərrəmli Rəsulzadənin “millət quruculuğu”ndan bəhs edir. Bu ifadə sanki akademik Nizami Cəfərovdan götürülüb, böyük ehtimalla, plagiatdır. Eşitməyə və işlətməyə alışmadığımız həmin ifadəni N. Cəfərov 2017-ci ildə dərc etdirdiyi “Milli Qurtuluşdan Millət Quruculuğuna” başlıqlı məqaləsində ulu öndər Heydər Əliyev barədə işlədib.
Bəli, Qulu Məhərrəmlinin kitabında Müsavatın yaranması, parlamentin son iclası da daxil olmaqla cümhuriyyət tarixinin necə təhrif edilməsindən bir neçə cild kitab yazmaq olar. Sadəcə, başa düşürəm ki, internet istifadəçiləri uzun məqalələr oxumağa həvəs göstərmirlər. Bizim üçün də həvəsdir, bəsdir! Odur ki, Qulu Məhərrəmlinin kəsdiyi bir ehkama da nəzər salıb opponentliyimi yekunlaşdırıram. Müəllif Müsavat partiyasının 1917-ci ilin payızında keçirdiyi ali tədbirə nəzər salır. Həqiqətən də o dövrdə təkcə Azərbaycan üçün yox, bütövlükdə türk və islam aləmi üçün çox böyük siyasi hadisə olan qurultayın nəticələrini belə təsvir edir:
“Qurultayda Müsavatın sonrakı siyasi mübarizəsinin, Azərbaycana milli ərazi muxtariyyətinin verilməsinin taktika və strategiyası müəyyənləşdirilib”.
Çox pakizə, bəs AXC formasında milli istiqlal?
Dəfələrlə soruşmuşam və Rəsulzadəni milli istiqlalımızın baş ideoloqu, bayraqdar lideri hesab edənlərdən inandırıcı cavab ala bilməmişəm: Azərbaycanın milli istiqlaliyyət məsələsinin gündəmə gəldiyi və özünün iştirak etmədiyi Zaqafqaziya Müsəlmanlarının Xüsusi Komitəsinin toplantısına qədər Rəsulzadənin AXC formasında müstəqil dövlətin yaradılmasından bəhs edən bircə cümləsini göstərə bilərsinizmi? Adətən bu suala “hələ tez idi”, “ola da bilməzdi” sayaq ən azından ermənilərin və gürcülərin təcrübəsi ilə müqayisədə tutarsız qalan cavablar verilir. İstəyirsinizsə, buna da göz yumaq. Müsavat partiyasının qurultayında qəbul olunan 76 maddəlik proqramı Qulu Məhərrəmli tam oxuyub, ya yox, bilmirəm. Həmin proqramın ilk 1 v 3-cü maddələri belədir:
1. Rusiya dövlətinin şəkli-idarəsi, milli-məhəlli muxtariyyət əsası üzərinə qurulu qoşma xalq cumhüriyyətindən ibarət olmalıdır.
3. Müəyyən məhəllə malik olan (yəni Rusiya məmləkətinin müəyyən bir qitəsində əksəriyyətlə yaşamaqda bulunan) hər bir millətə muxtariyyət həqqi verilməlidir.
Firqəcə Azərbaycan, Türküstan, Qırğızıstan və Başqırdıstan kibi türk ölkələri məhəlli muxtariyyət almalıdırlar. İdil boyu ilə Krım tatarları və digər Rusiyada yaşayan türk qovmlərinə məhəlli, mümkün olmazsa milli muxtariyyət verilməlidir.

Əziz oxucu! Xəbərin var bu proqram nə zaman qəbul edilmişdi? Bilənlər bilir, bilməyənlər də duysun, Rusiyada çar devrildikdən, Müvəqqəti Hökumət yıxıldıqdan, “proletariatın dahi rəhbəri” Vladimir İliç Lenin Peterburqda inqilabla hakimiyyəti ələ aldıqdan sonra!
Odur ki, Tadueş Svyatoxovskinin qoltuğunuza verdiyi qarpızın yekəliyinə bənd olmayın, Məhəmməd Əminlə Corc Vaşinqtonu qiyaslamaq mümkün deyil. Corc Vaşinqton ABŞ-ın İstiqlal Savaşında Kontinental Orduya komandanlıq etmişdi, Rəsulzadə isə, bütün ömrü boyu bircə manqaya belə döyüş əmri verməyib!
Taleh ŞAHSUVARLI