Kənan Novruzov: "Ermənistan Qərbin təzyiqlərinə qarşı siyasi iradə nümayiş etdirə bilmir"

25 Dekabr 2023 17:32 (UTC+04:00)

''Siyasətdə daimi dostar yox, daimi maraqlar olur. Bu baxımdan müxtəlif məqamlarda dövlətlərarası münasibətləri qiymətləndirərkən həmin maraqlar kontekstini nəzərə almalıyıq. Çünki dövlətlərarası münasibətin səviyyəsini təmin edən məhz həmin maraqlardır. Nəzərə alsaq ki, dövlətləri idarə edən insanlardır, bu, hətta insanlarda da belədir. Rusiyanın Cənubi Qafqazla bağlı ciddi maraqları var. Qərbin də təzyiqi ilə Ermənistan Rusiyadan uzaqlaşır. Ermənistan Qərbin təzyiqlərinə, xüsusilə ABŞ və Fransanın təzyiqinə boyun əyir və onlara qarşı siyasi iradə nümayiş etdirə bilmir. Bu da şübhəsiz ki, Kremldəkiləri qıcıqlandırır".

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib.

O qeyd edib ki, Rusiya Cənubi Qafqazdakı mövqeləri, maraqları naminə Azərbaycanla münasibətlərdə daha diqqətli olmalıdır.

''Çünki Azərbaycanı da əldən versə, bütünlükdə Cənubi Qafqazı əldən vermiş olacaq. Moskvadan Bakıya indi məqamda hansısa təhdidin olacağını düşünmürəm. İstənilən təhdid və ya təxribat Rusiyanın özünün Cənubi Qafqazla bağlı maraqlarına zərbədir. Amma şübhəsiz ki, Rusiyanın maraqları özlüyündə də bir təhdiddir. Rusiya Cənubi Qafqazda möhkəmlənmək istəyir. Münasibətlərin indiki situativ mərhələsi üçün hansısa təhdidin olduğunu ehtimal etmirəm. Əslində Rusiya ilə münasibətlər bizim üçün də əlverişlidir. Bizdə bu xoş münasibətin, gərginlikdən uzaq olmağının və dialoqun tərəfdarıyıq. Ümumilikdə rəsmi Bakının xarici siyasətinin əsas özəlliyi bütün dövlətlərlə, o cümlədən qonşu dövlətlərlə balanslaşdırılmış neytral münasibətlərdir".

Rəfiqə NAMAZƏLİYEVA