Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan qondarma qurumu buraxdığı barədə əvvəlki qərarını ləğv edib.
''Samvel Şahramanyanın bu açıqlaması bir daha onu göstərir ki, erməni tərəfi öz sözünü tutmur. Erməni faşizmi islah olmayıb və onlar istənilən vaxt ictimai rəylə oynaya bilərlər. Eyni zamanda istənilən razılaşmanı poza bilərlər. Güvən verən tərəf deyillər. Nəzərə alsaq ki, indi kifayət qədər həssas bir dönəmdir. Azərbaycan-Ermənistan danışıqlarının aparılması uğrunda hətta böyük güclərin savaşı var. Belə bir şəraitdə separatçı rejimin təmsilçisinin bu addımı atması həm də sülh prossesinə vurulan böyük bir zərbədir. Düşünürəm, o qədər də məsuliyyətsiz adam deyil ki, nə etdiyinin fərqində olmasın. Böyük ehtimalla bu məqsədli, planlı bir iş idi".
Bu sözləri AzNews.az-a mövzu ilə bağlı açıqlamasında siyasi ekspert Əli Mustafayev deyib.
O əlavə edib ki, burada birinci hədəf sülh prosesini bir növ zədələmək və tərəflər arasında etimadsızlıq yaratmağa çalışmaqdır.
"İkinci, onlar görünür siyasi faktor olaraq Ermənistanda silinib getmək istəmirlər. Separatçı rejim bir formada Ermənistanın daxili siyasi proseslərində öz mövcudluqlarını qorumağa və hakimiyyətə hansısa təsirlər etməyə çalışır. Son zamanlar Qərbin də, Avropa İttifaqının da, ABŞ-nin də, eyni zamanda Rusiyanın da Qarabağla bağlı açıqlamalarına baxsaq, görərik ki, hər biri bir formada Qarabağ məsələsinin gündəmdən çıxmaması üçün çalışır".
Siyasi ekspert qeyd edib ki, anlaşılan odur ki, digər ölkələr Ermənistan və Azərbaycanı seçim qarşısında qoyurlar.
''Məncə, bu məsələdə Azərbaycan tərəfi də götür-qoy etməlidir. Hətta düşünürəm ki, Ermənistan hökumətindən separatçıları geri istəməlidir. Çünki onlar cinayətkardırlar. Onların Azərbaycana 30 il ərzində vurduğu zərər göz qarşısındadır. Qarabağda törətdikləri cinayət əməllərinə ona geri istəyə və ya fəaliyyətlərinin bir formada məhdudlaşdırılması ilə bağlı Ermənistan hakimiyyətindən adekvat addım tələb edə bilər. Ermənistan hökuməti reaksiya verməyəcəyi təqdirdə demək ki, ya özü o prosesin içindədir, ya da sadəcə olaraq öz məsuliyyətini sona qədər anlamır".
Rəfiqə NAMAZƏLİYEVA