Qaçqınlar Cəmiyyəti İlham Əliyevi dəstəkləyir

6 Avqust 2013 08:21 (UTC+04:00)
Azərbaycan Qaçqınlar Cəmiyyəti 9 oktyabr prezident seçkiləri ilə bağlı bəyanat yayıb.


Cəmiyyətin sədr əvəzi Əziz Ələkbərlinin adından modern.az-a daxil olan bəyanatda bildirilib ki, bu gün Azərbaycan öz tarixinin və taleyinin həlledici mərhələlərindən birini yaşayır. Ermənilərin Azərbaycana qarşı 1988-ci ildən başladığı işğalçılıq müharibəsi hələ də davam edir.

"Biz hələ uzun yolun başlanğıcındayıq. Azərbaycanın xoşbəxt gələcəyi naminə bu yolu təmkinlə və inamla irəli getmək lazımdır. Bu gün Azərbaycanı bu yoldan sapdırmaq, bu yolu hər dəfə təzədən başlamağa məcbur etmək istəyən qüvvələr də yox deyildir. Təəssüflər olsun ki, belələri bəzən öz şəxsi, qrup və partiya maraqlarını ümummilli və ümumdövlət maraqlarından üstün tutaraq atdıqları addımlarla Azərbaycan dövlətini və dövlətçiliyini hansı təhlükələrlə üz-üzə qoyduqlarını başa düşmürlər. Anlaya bilmirlər ki, müharibə şəraitində və dünyanın güc mərkəzlərinin maraq dairəsində olan bir ölkədə atılacaq hər hansı səhv addım Azərbaycanı sonu məlum olmayan fəlakətlərə sürükləyə bilər".

Azərbaycan Qaçqınlar Cəmiyyəti mövcud problemlərin aradan qaldırılacağına inandığını, ən əsası isə, itirilmiş torpaqların geri qaytarılacağına və Ermənistandan qovulmuş insanların öz tarixi torpaqlarına dönə biləcəyinə böyük ümid bəslədiyini bəyan edib.

Bəyanatda AQC Yeni Azərbaycan Partiyasının növbəti prezident seçkilərində namizədi İlham Əliyevin namizədliyini dəstəklədiyini qeyd edib.

AzNews.az