Milli Şuradan İbrahimbəyova daha bir şans - Yeniləndi

6 Avqust 2013 12:45 (UTC+04:00)
Milli Şuranın növbəti sessiyasının vaxtı yenə dəyişdirilib.

Bu barədə bir Milli Şuranın üzvü Zəfər Quliyev məlumat verib. Onun sözlərinə görə, sessiyanın vaxtı dəyişdirilərək, avqustun 12-nə təyin edilib.

Növbəti sessiya da bundan öncəki kimi jurnalistlər üçün qapalı keçiriləcək. Avqustun 12-də saat 17:00-da Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçiriləcək sessiyanın sonunda jurnalistlər üçün brifinq keçirilməsi nəzərdə tutulub.

AzNews.az-a daxil olan digər bir məlumatda əlavə olaraq bildirilir ki, MŞ rəhbərliyinin qurumun sessiyasının vaxtını avqustun 5-dən 12-nə dəyişməsinə səbəb onların Rüstəm İbrahimbəyovun da növbəti sessiyada iştirakının təmin olunması istəyi ilə bağlıdır. Belə ki, liderlər güman ümid edirlər ki, Milli Şura sədri bu həftənin sonuna qədər Rusiya vətəndaşlığı problemini həll edəcək və həftəsonu Azərbaycana qayıdaraq, qurumun növbəti sessiyasına özü sədrlik edəcək.

O da bildirilir ki, bu baş tutacağı halda Milli Şuranın ehtiyat namizədinin müəyyənləşdirilməsi məsələsi avtomatik təxirə salınacaq. Əks halda, yəni R.İbrahimbəyovun avqustun 12-nədək ölkəyə gəlməməsi halında onun MŞ-dəki tərəfdarları da ehtiyat namizəd təklifini qəbul etmək məcburiyyətində qalacaqlar.


***
10:26

Milli Şuranın növbəti sessiyasının vaxtı dəqiqləşib.

AzNews.az-ın məlumatına görə, Şuranın növbəti sessiyası gözlənildiyi kimi avqustun 10-da yox, sabah – avqustun 7-də keçiriləcək.

Əldə etdiyimiz məlumata görə, Milli Şurada təmsil olunan əsas liderlərin dünən keçirilən görüşündə bu qərara gəlinib. Mənbənin sözlərinə görə, sessiyasının avqustun 7-də keçirilməsi təklifi və tələbi ilə AXCP sədri Əli Kərimli çıxış edib. O, MŞ-in sessiyasının avqustun 10-na təyin edilməsinin əleyhinə çıxaraq, həmin günün Ramazan Bayramına düşdüyünü və bu səbəbdən bir çox MŞ üzvünün paytaxtda olmaya biləcəyini deyib.

Məhz bu səbəbdən də MŞ-in növbəti sessiyası avqustun 7-nə təyin edilib. Sessiyası saat 11 və ya 12-də keçiriləcək.

Daxil olan məlumatda o bildirilir ki, MŞ-in növbəti sessiyası Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçirilə bilər. Hazırda bu barədə partiyanın sədri Mirmahmud Mirəlioğlu ilə danışıq aparılır.

Məlumatda o da bildirilir ki, MŞ-in növbəti sessiyasında ötən toplantıdan qalan bir sıra məsələlərə baxılacaq. Əvvəlki sessiyada yarımçıq qalmış komissiyaların rəhbərləri və tərkibləri müəyyənləşdiriləcək.

Bildirilir ki, bu dəfəki sessiyada, həmçinin, Rüstəm İbrahimbəyovun Seçki Qərargahında təmsil olunacaq şəxslərin vəzifələri və adları elan olunacaq. Həmin şəxslər seçki qərargahının sədri Eldar Namazov tərəfindən təyin edilib.

Mənbənin məlumatına görə, R.İbrahimbəyovun Seçki Qərargahında təmsil olunacaq şəxslər bunlardır: Politoloq Zəfər Quliyev, Köçəri Nağıbəyli, Eldəniz Quliyev, AXCP sədrinin müavini Gözəl Bayramlı və digər partiyalardan bir sıra funksionerlər.


Elnur
AzNews.az