Tanınmış teleaparıcı işdən çıxarıldı - QALMAQAL

6 Avqust 2013 09:08 (UTC+04:00)
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil Departamenti direktoru Cəsarət Valehov işdən qovulub. AzNews.az-ın əldə etdiyi məlumata görə, departament rəhbəri işdə yol verdiyi nöqsanlara görə kanal rəhbərliyinin qəzəbinə tuş gəlib və əmri verilib.

Nöqsanların nədən ibarət olmasına gəldikdə isə bunun müavini Ruhəngiz Mehmanqızına qeyri-qanuni formada icazə verməsi olduğu bildirilir. Xatırladaq ki, eyni departamentin rəhbər müavini R.Mehmanqızı da kanalda tutduğu vəzifəsindən azad edilib. Dünən məsələ ilə bağlı İTV-nin yaydığı bəyanatda deyilirdi ki, Ruhəngiz Mehmanqızı işdən çıxarılması səbəblərini üç gün departament direktorunun icazəsi əsasında işə çıxmamağı ilə əlaqələndirib, əslində isə məsələ tamam başqa cür olub: "Xanım jurnalist bu il mayın 25-dən 29-dək heç bir icazə və ezamiyyə sənədləri olmadan ölkə ərazisini tərk etmiş, Gürcüstana getmişdir. Gürcüstan turnesi iyulun 13-dən 20-dək yenidən təkrarlanmışdır. Təəssüf ki, bu dəfə də şirkət rəhbərliyinin deyil, işlədiyi departament direktorunun şifahi icazəsi ilə. Halbuki Cəsarət Valehov bu faktı sonradan inkar etmişdir. Atdığı riskli addımları isə finişdə Ruhəngiz xanımın xeyrinə sonuclanmış, departament direktoru Cəsarət Valehov öz müavininin adını maaş cədvəlinə yazaraq işdə olmadığı günlər üçün də əmək haqqı almasına şərait yaratmışdır. Ola bilər ki, Ruhəngiz xanım qeyd olunan günlərdə Gürcüstanda olmadığını iddia etsin, lakin onun ölkə sərhədini keçməsi ilə bağlı təkzibedilməz faktlar artıq ortadadır. Doğrudur, sonradan o, uşağının hansısa infeksiyaya tutulması səbəbindən işdə olmadığını bildirib, lakin bu barədə hər hansı sənəd, yaxud tibbi arayış təqdim etməyib. Şirkət rəhbərliyi isə əməkdaşın qadınlığını və insanpərvərlik prinsiplərini nəzərə alaraq, onun öz ərizəsi ilə işdən çıxmağına razılıq verib. Bu isə Ruhəngiz xanımı əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı sonradan rastlaşacağı problemlərlə üz-üzə qoymayıb. Məsələyə hüquqi prizmadan yanaşsaq, Ruhəngiz xanımın icazəsiz işdə olmamağı, ölkəni tərk etməsi departament direktorunun müavini kimi hansı məsuliyyət yiyəsi olduğunu açıq - aydın göstərir. İTV də digər informasiya orqanları kimi fasiləsiz xalqın xidmətindədir. Departament direktoru və onun müavini isə daşıdıqları məsuliyyəti unudaraq daim iş başında olmamaqları bir yana, İTV-nin maliyyə vəsaitini düşünmədən mənimsəməyi bacarıblar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndində göstərilir ki, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla digər heç bir səbəb göstərilmədən işçinin işə çıxmamağı işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi üçün əsas ola bilər. Halbuki, adı çəkilən jurnalist xanım üst-üstə 7 gün heç bir yazılı müraciəti olmadan səbəbsiz şəkildə işə çıxmamış, əvəzində həmin günlər üçün ona əmək haqqı ödənilmişdir. Əcəba, departament rəhbərinin öz müavininə bu cür səxavəti haradan qaynaqlanır? Bu sualın cavabı yəqin ki, tezliklə aydınlaşar. Amma Cəsarət Valehovun da Əmək Məcəlləsinin 72-ci maddəsinin e) bəndinə uyğun hansı məsuliyyət daşıdığını xatırlatmaq yerinə düşərdi. Bu bəndə görə, əslində Cəsarət Valehov öz müavininə şirkət rəhbərliyindən xəbərsiz Gürcüstana getmək üçün şifahi icazə verməklə ciddi hüquq pozuntusuna yol vermiş, işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Baxın, məsələnin əsl mahiyyəti budur. İTV də, digər yaradıcı strukturlar kimi ölkənin müvafiq qanun və əsasnamələrinin müəyyənləşdirdiyi prinsiplər əsasında fəaliyyət göstərir və hər bir işçinin hüququnun qorunmasını əsas fəaliyyət meyarı hesab edir. Lakin işəgötürənin, mülkiyyətçinin qanuni mənafeyinə zidd hərəkətlərin müqabilində hər hansı tədbirin görülməsi bu strukturda da qaçılmazdır. Ciddi qanun pozuntularına yol verən və cəzasız qalacağını düşünən, eləcə də, kiminsə diqtəsinə uyan və nəyinsə tezliklə dəyişəcəyinə inananlar öz gümanlarında ciddi şəkildə yanılırlar. İTV-nin yeni rəhbərliyinin müəyyənləşdirdiyi fəaliyyət prinsipinin mahiyyətini məhz bu cür ifadə etmək mümkündür".

İTV-nin yaydığı bəyanatdan da görünür ki, C.Valehov vəzifə səlahiyyətlərini aşmaqda və işdə olmayan əməkdaşına qeyri-qanuni formada əmək haqqı yazaraq, dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Onun kanaldan qovulmasının da səbəbi məhz budur.

Kanaldan bildiriblər ki, C. Valehov öz ərizəsi ilə işdən çıxıb.

Azər