“Sanki Rusiya pasportunu İbrahimbəyova verən iqtidar idi”

6 Avqust 2013 10:49 (UTC+04:00)

Keçmiş deputatlığa namizəd, gənc fəal Bəxtiyar Hacıyev Milli Şura rəhbərlərini ittiham edib.


AzNews.az-ın məlumatına görə, B.Hacıyev MŞ rəhbərləyində təmsil olunan şəxslərə bir sıra ritorik suallar ünvanlayıb.

Müsavat başqanı İsa Qəmbərin mövqeyini müdafiə edən B.Hacıyev deyib ki, İ.Qəmbəri çoxları qınasa da, gün keçdikcə zaman onu haqlı çıxarır: "Seçkiyə 63 gün qalsa da, vahid namizəd ölkədə yoxdur. Vidadi Mirkamal "Rusiya Liderlərin ağıllarına da gəlməyib ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır" deyir. Sabah dövlət idarəçiliyində başqa nələr ağıla gəlməyəcək? AXCP sədri Əli Kərimli isə İbrahimbəyovun pasport problemini "iqtidarın Rusiya əli ilə vahid namizədə yaratdığı problem" adlandırır. Sanki Rusiya pasportunu İbrahimbəyova verən də, onu vahid namizəd edən də iqtidar idi və çoxları vətəndaşlıqdan imtinanın 6 ay çəkə biləcəyini deyəndə onları ittiham edən də iqtidar idi".

Gənc fəal bildirib ki, "hər şeyi iqtidarın, Qərbin, Rusiyanın, cib müxalifətinin, bitərəflərin, xalqın üstünə atmaq lazım deyil və etiraf etmək lazımdır ki, Rusiya pasportundan asılı qalmaq Milli Şuranın öz səhvidir, başqasının yox".

Anar
AzNews.az