Şirvan-Muğan qrup su kəmərinin inşası nə vaxt yekunlaşır?

6 Avqust 2013 14:26 (UTC+04:00)
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Kürətrafı rayonlarda içməli su probleminin həll edilməsi məqsədi ilə inşa edilən Şirvan-Muğan qrup su kəmərinin inşası yekunlaşmaq üzrədir.

Azərsu-dan AzNews.az-a daxil olan məlumata görə, təməli 16 iyul 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuş Şirvan-Muğan qrup su kəmərinin mənbəyi Kür su kəmərləri sistemidir. Tikinti işləri başlanandan indiyə qədər ümumi uzunluğu 107 km olan magistral kəmərin 100 km-lik hissəsində işlər tam başa çatıb. Kəmərin 55 km hissəsi 1200 və 1000 mm diametrli metal, 52 km-lik hissəsi isə 710 mm diametrli polietilen borularla çəkilir.

İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsi ilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən izolyasiya edilib. Kəmərin marşrutu boyunca su alacaq kəndləri su ilə təmin etmək üçün çıxışlar verilir. Ətraf kənd və qəsəbələri davamlı və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədi ilə kəmər boyunca ümumi tutumu 50 min kubmetr olan su anbarları da inşa edilir.

Şirvan-Muğan qrup su kəmərinin inşasının avqust ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da Salyan və Biləsuvar şəhələrinə içməli suyun verilməsi təmin ediləcək. Artıq magistral su kəmərinin bir hissəsinin istismara verilməsi ilə Hacıqabul və Şirvan şəhərlərinə içməli suyun verilməsinə başlanıb. Yeni mənbədən içməli suyun verilməsi ilə Hacıqabulda 8 min nəfərin, Şirvan şəhərində isə 15 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb. Hazırda Hacıqabul və Biləsuvar şəhərlərində su təchizatı şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Yaxın gələcəkdə Şirvan, Salyan və Neftçala şəhərlərində də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq. Magistral kəmərin istismara verilməsi ilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin 470 min nəfər sakini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunacaq.

AzNews.az