2024-cü il ərzində 8 kənd məsələsi də artıq həll olunacaq - Ekspert

12 Yanvar 2024 16:14 (UTC+04:00)

“Nəzərə almaq lazımdır ki, 8 kəndin qaytarılması Azərbaycan üçün prioritet məsələlərdən biridir. Əlbəttə, bizim cənab prezidentimizin müsahibədə vurğuladığı kimi Ermənistanla Tovuz-Qazax sərhəddində xeyli anlaşılmazlıqlar var. Bu anlaşılmazlığın səbəblərindən biri də Azərbaycan anklavlarının hələ də Ermənistanın işğalı altında olmasıdır. Əgər biz Ermənistanla sülhün mümkünlüyündən danışırıqsa və eyni zamanda bu gün Azərbaycan-Ermənistan sülh müzakirələri qlobal siyasi gündəmin əsas müzakirə mövzularından biridirsə, bu məsələ ilə də bağlı mütləq şəkildə aydınlıq gətirilməlidir”.

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq qeyd edib ki, ölkə başçısının verdiyi müsahibədə müzakirələrin lazımlılığı xüsusi vurğulandı.

“Həssas bir məsələdir. Həssas məsələ olduğuna görə də bu məsələ konkret olaraq həll edilməlidir. Artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması imkanları çox geniş perspektivdə dəyərləndirilir. Belə olduğu təqdirdə bu məsələdə hansısa süni uzatmalara bundan sonra imkan vermək olmaz. Bu prosesi yubatmağa çalışan, bu proses əleyhinə fəaliyyət göstərən Ermənistanın da ağlını başına yığması lazımdır. Çünki 2024-cü il sülh ili olmalıdır. Düzdür, delimitasiya və demarkasiya ilə bağlı məsələlər də var. Ancaq cənab prezident müsahibəsində də vurğuladı ki, delimitasiyadan sonrakı demarkasiya prosesi illər aparan bir məsələdir. Əslində bu delimitasiya və demarkasiyanın müzakirəsi iki ölkə arasındakı münasibətlərin sülh mühitində gələcək inkişaf perspektivlərini əsla təhdid etmir. Hesab edirəm ki, bu baxımdan 2024-cü il ərzində 8 kənd məsələsi də artıq həll olunacaq”.

Rəfiqə NAMAZƏLİYEVA