Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli secki-2024.az saytına müsahibə verib. Əli Hüseynli Seçki Məcəlləsinə son dəyişikliklər və bu dəyişikliklərin əhəmiyyəti barədə sualları cavablandırıb.
- Əli müəllim, Azərbaycanın Seçki Məcəlləsinin beynəlxalq standartlara uyğunluğunu necə dəyərləndirirsiniz?
- 1995-ci ildə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında təsbit olunmuş müddəalara istinadən Azərbaycanda azad, şəffaf, ədalətli və demokratik seçkilərin hüquqi bazası formalaşdırılıb. Sonrakı dövrlərdə Seçki Məcəlləsinə həm beynəlxalq tələblərə cavab verən konseptual, həm də digər qanunvericilik aktlarına uyğulaşdırmaq məqsədilə bir sıra dəyişikliklər və əlavələr edilməklə seçki prosesi daha da təkmilləşdirilib.
2003-cü ildə qəbul olunmuş Seçki Məcəlləsinin hazırlanması prosesində ilk növbədə Avropa Şurası (AŞ) Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq münasibətləri mühüm rol oynayıb. Demokratik məzmununa görə dünyanın ən inkişaf etmiş ölkələrinin seçki qanunvericiliyinə nümunə sayıla biləcək bu məcəllə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib, seçki üzrə ixtisaslaşmış təsisatların müsbət rəyini alıb. Bir sözlə, hazırkı Seçki Məcəlləsi Azərbaycanın seçki sisteminə verilmiş ən mühüm töhfələrdən biridir.
- Seçki Məcəlləsinə dəyişikliklərin olduğunu qeyd etdiniz. Dəyişikliklər əsasən hansı istiqamətləri əhatə edib?
-ATƏT DTİHB, habelə AŞ Venesiya Komissiyası ekspertləri ilə aparılmış geniş müzakirələrin yekunu kimi 2005-ci ilin may ayında Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılıb, sənədin 43 maddəsində əlavə və dəyişikliklər edilib. Bu müddəalara əsasən Azərbaycanda parlament, prezident və bələdiyyə seçkiləri eyni gündə keçirilə bilməz. Eyni zamanda, seçki komissiyaları üzvlərinin statusu daha da dəqiqləşdirilib. Dəyişikliklər nəticəsində Azərbaycan təcrübəsində ilk dəfə olaraq təkrar səsvermənin qarşısını almağa yönəlmiş müddəa - vətəndaşlara seçici vəsiqələrinin verilməsi məsələsi öz əksini tapıb. Bundan əlavə, seçici siyahılarının MSK-nın internet saytında yerləşdirilməsi məsələsi də qanunda öz əksini tapıb. Eyni zamanda, Seçki Məcəlləsində namizədlərin qeydiyyatı proseduru əhəmiyyətli dərəcədə sadələşdirilib.
2008-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla Seçki Məcəlləsinin 145 maddəsinə 91 əlavə və dəyişikliyin edilməsi sənədin daha da müasir standartlara uyğun təkmilləşdirilməsinə, seçkilərin tamamilə azad, ədalətli və obyektiv keçirilməsinə, vətəndaşların seçki hüququnun etibarlı təminatına xidmət edib.
Vacib yeniliklərdən biri 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ilə bağlıdır. Konstitusiyanın 101-ci maddəsinin I hissəsində və 105-ci maddəsinin I hissəsində edilmiş dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin növbədənkənar Prezident seçkilərini elan etmək hüququnu nəzərdə tutur.
Seçkilərdə ekzitpolun (exit-poll) tətbiqi, barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi, müşahidəçilər dairəsinin genişləndirilməsi, qeyri-hökumət təşkilatlarının seçkiləri müşahidə etməsi üzərində məhdudiyyətlərin götürülməsi şəffaflığın təmin olunması istiqamətində atılan addımlardır.
Bununla yanaşı, hakimiyyət orqanlarının seçkilərdə bitərəf mövqe tutmasının təmin edilməsi, seçki hüquqlarının pozulması ilə bağlı daxil olan məlumatların operativ və hərtərəfli araşdırılması, seçki komissiyalarının normal fəaliyyəti üçün bütün lazımi şəraitin yaradılması Azərbaycanda seçki təcrübəsinin tam təkmilləşdiyindən xəbər verir.
Bu gün hətta inkişaf etmiş dövlətlər seçki prosesində şəffaflığın təmin olunmasında Azərbaycanın təcrübəsindən yararlanırlar. Məsələn, seçki məntəqələrinə veb-kameraların quraşdırılması beynəlxalq aləmdə mütərəqqi addım kimi dəyərləndirilir. 2008-ci ildən başlayaraq səsvermə günü şəffaflığın təmin olunması üçün mütərəqqi üsul kimi seçki məntəqələrində prosesləri internet vasitəsilə hər kəs üçün açıq platformada canlı nümayiş etdirən veb- kameralar quraşdırılır.
- Seçki Məcəlləsi seçkilərdə siyasi partiyaların bərabər iştirakı üçün hansı imkanlar yaradır?
- Son illər formalaşmış yeni siyasi konfiqurasiyanın yaratdığı geniş imkanlar daxilində seçkilərə qatılan siyasi partiyalar, bitərəflər, o cümlədən, müstəqil namizədlərə öz potensiallarını tam şəkildə reallaşdırmaq üçün münbit şərait yaradıb. Bu dövr ərzində keçirilmiş bütün seçkilər beynəlxalq təşkilatlar, müşahidəçilər və aparıcı xarici dövlətlərin siyasi dairələri tərəfindən yüksək qiymətləndirilib. Bununla da, seçkilərin ədalətli və şəffaf keçirilməsini yersiz şübhə altına almağa cəhd göstərən anti-Azərbaycan qüvvələrin əsassız ehtimallarına və şayiələrinə yer qalmır.
2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri demokratiyanın göstəricisi kimi bu prosesə təkan verən ən ciddi siyasi hadisələrdəndir. Bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması siyasi islahatlara çox mühüm bir töhfə oldu. Bu gün ölkə parlamentində təmsil olunan 10 müxalif mövqeli partiyadan 8-i müstəqil Azərbaycan tarixində ilk dəfə həm Milli Məclisin, həm də onun komitələrinin və komissiyalarının rəhbərliyində təmsil olunur.
Demokratik seçkilər üzərindən formalaşmış yeni siyasi konfiqurasiya fonunda ümummilli məsələlərdə ictimai-siyasi həmrəyliyin mövcudluğu son dövrün ən mühüm nailiyyətlərindəndir. Siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr vasitəsilə inkişaf etdirilməsi daxili siyasi mühitdə yeni mərhələyə uğurlu keçidin təmin edilməsi üçün vacib amildir. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, partiyaların dövlət büdcəsindən maliyyələşməsi və s. kimi tədbirlər belə bir reallığı ortaya qoyur ki, Azərbaycan dövləti demokratik inkişafı özünün strateji kursunun əsası kimi qəbul edir, dünya təcrübəsinə istinad edərək qəbul olunan qanunların təkmilləşdirilməsində, yaxud yenidən qəbulunda maraqlıdır.
Bir sözlə, artıq ölkəmiz ən yüksək beynəlxalq standartlara uyğun seçki keçirmək üçün kifayət qədər zəngin və mükəmməl qanunvericilik bazasına və böyük təcrübəyə malik olduğunu dəfələrlə təsdiqləyib. Ona görə də tam əminliklə söyləmək mümkündür ki, fevralın 7-də ilk dəfə olaraq bütöv və suveren Azərbaycanın bütün coğrafiyasını əhatə edən növbədənkənar prezident seçkiləri də bu mənada nəinki istisna təşkil etməyəcək, hətta beynəlxalq səviyyədə bir çoxlarına nümunə sayıla biləcək siyasi hadisəyə çevriləcək.