“Azərbaycanın hazırkı mövqeyi ondan ibarətdir ki, Azərbaycan-Ermənistan arasında sülh danışıqları vasitəçisiz olmadan birbaşa həyata keçirilsin. Bunun üçün də hər hansı bir zəmanətçiyə ehtiyac duyulmur. Hətta Azərbaycan bununla Ermənistan tərəfinə iki dəfə təklif göndərib ki, şərti sərhəddə sülh danışıqları da Azərbaycan-Ermənistan arasında birbaşa həyata keçirilsin. Əfsus ki, birinci təklifə Ermənistan rədd cavabı verdi. İkinci təklifə isə hələ də cavab verməyib. Azərbaycanın bu təşəbbüsünün nədən irəli gəldiyini iki ilə yaxındır biz bilirik ki, Azərbaycan-Ermənistan arasında sülh danışıqları müxtəlif platformalarda Vaşinqton-Brüssel və Moskva platformasında davam edir. Bu platformalar çərçivəsində müəyyən irəliləyişlərə nail olunsa da, hələ ki ciddi nəticə hasil olunmayıb. Hər bir vasitəçi çalışır ki, öz maraqlarına uyğun həll variantını yeritsin. Region ölkələrindən daha çox öz maraqlarını nəzərə alırlar”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Siyasi şərhçi qeyd edib ki, vasitəçilərin özlərinin arasında da geosiyasi rəqabət, Cənubi Qafqaz uğrunda mübarizə var.
“Bir tərəfdən Rusiya, digər tərəfdən ABŞ, Avropa Birliyi. Onların arasında olan bu geosiyasi rəqabət sözsüz ki, vasitəçilik missiyalarına da xələl gətirir. Hətta Azərbaycan tərəfi bəzən vasitəçilərin özü arasında vasitəçilik etmək məcburiyyətində qalıb. Belə olduqda təbii ki, vahid mövqeyə gəlmək çətinləşir. Tutaq ki, ABŞ-də danışıqlar prosesində bir məsələ razılaşdırılsa, Moskvadakı görüşdə Rusiya həmin məsələnin məqbul olmadığını söyləyir. Həmçinin Ermənistan özü də vasitəçilərin dəstəyinə arxalanaraq dekonstruktiv mövqe sərgiləyir. Ermənistanın Fransadan, ABŞ-dən aldığı dəstək Ermənistanı sülhə doğru addım atmasına əslində maneəçilik törədir. Ermənistanın bu baxımdan müstəqil iradə ortaya qoymamasına və sülh sazişinin imzalanmamasına gətirib çıxarır. Bu da əlbəttə Azərbaycanı vadar etdi ki, danışıqları birbaşa vasitəçilər olmadan həyata keçirilsin. Burada sözsüz ki, Ermənistanın siyasi iradə nümayiş etdirməsi vacibdir. Əgər bu baş verərsə, Ermənistan hansısa kənar qüvvənin dəstəyinə arxalanmadan danışıqlar masasında oturmağa hazır olarsa düşünürəm ki, 2024-cü il sülh sazişinin imzalandığı il ola bilər. Ermənistan yenə də Fransa, ABŞ-dən bir növ imdad umaraq, onların masada oturması ilə daha üstün mövqeyə malik olduğunu düşünəcəksə, o zaman yenə də sülh prosesi yubanacaqdır".
S. Zahidov sonda vurğulayıb ki, bu məsələ sadəcə Azərbaycan-Ermənistan məsələsi deyil, bu məsələyə daha geniş aspektdən baxmaq lazımdır.
“Söhbət ABŞ, Avropa Birliyi, Rusiya arasında geosiyasi rəqabətdən gedir. Rusiya-Ukrayna müharibəsi fonunda bu gün geosiyasi rəqabət daha acımasız, daha qəddar formasını almışdır. Qərb hər vəcdə çalışır ki, Rusiyanı Cənubi Qafqazdan silib-süpürsün. Rusiyada buna müqavimət göstərməyə çalışır. Buna görə də hər bir tərəf Cənubi Qafqazdakı proseslərdə aktiv olmağa çalışır. Bu proseslərin də başında şübhəsiz ki, Azərbaycan-Ermənistan sülh prosesi dayanır”, - deyə o əlavə edib.
Rəfiqə NAMAZƏLİYEVA
QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə ictimai və dövlət maraqlarının müdafiəsi sahəsi üzrə hazırlanmışdır.
.png)