Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov secki-2024.az saytına müsahibə verib. Əhliman Əmiraslanov budəfəki prezident seçkilərinin əhəmiyyəti və vacibliyi barədə sualları cavablandırıb.
- Azərbaycan ilk dəfədir ki, prezident seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir...
- Bu il fevralın 7-də keçiriləcək Prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar. Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında baş tutan lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi, üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalanmağa başladı. Məhz bu amili nəzərə alaraq əminliklə demək olar ki, budəfəki seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
- Xüsusilə Azərbaycanın gələcəyi və iqtisadi inkişafı üçün bu seçkilərin əhəmiyyəti barədə nə deyə bilərsiniz ?
- Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq nəzərdə tutulmuş vaxtdan əvvəl ifadə edəcəklər. Bu seçkilər xalqın dövlətə olan etimadının ən ali göstəricisidir. Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Seçkilər bəzi hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Azərbaycan bu təcrübəni ötən parlament seçkilərində də tətbiq etdi. 2020-ci il fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Azərbaycanın bu addımı beynəlxalq miqyasda demokratik inkişafın daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım kimi dəyərləndirildi.
İlk gündən demokratik cəmiyyət quruculuğu yolunu tutan Azərbaycan daim bu dəyərlərə hörmətlə yanaşır, onların sözdə deyil, əməldə öz təsdiqini tapmasını sübut edir. Bu gün ölkəmizdə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir. Seçkilərin demokratik, azad, beynəlxalq standartlara uyğun keçirilməsini təmin edən qanunvericilik bazası mövcuddur. 2003-cü ildə qəbul edilən Seçki Məcəlləsi dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir, hər bir seçki prosesinin, ümumxalq səsverməsinin demokratikliyini, şəffaflığını təmin edir.
Hazırda ölkəmizdə bütün sahələrdə dərin islahatlar prosesi gedir. Regionda tam müstəqil siyasət həyata keçirən bir ölkənin olması və Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin daha da gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, siyasi sistemin təkmilləşdirilməsi dövlətimizin siyasətində əsas hədəflərdən biridir. Bu sırada “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulunu, bütün siyasi partiyalara demokratik şəraitdə fəaliyyət göstərmələri üçün zəruri imkanların yaradıldığını qeyd edə bilərik. Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli seçki rəqabəti mühitinin təmin edildiyinin bariz nümunəsidir.