Nazirlik mobil operatorları məhkəməyə verir - Açıqlama

6 Avqust 2013 16:13 (UTC+04:00)
"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi hələlik mobil operatorlarla bağlı məhkəməyə müraciət etməyib.

Amma bu o demək deyil ki, mobil operatorlara hər hansı güzəşt ediləcək, yaxud da onlar məhkəməyə verilməyəcək. Hələlik məhkəməyə hazırlıq işləri aparılır. Sənədlər hazır olan kimi məhkəməyə müraciət ediləcək". Bu barədə Movqe.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov söyləyib.

M.Əmirov deyib ki, hökumət tərəfindən maliyyələşdirilən "Mobil Nömrələrin Daşınması" idarəetmə sistemi hələ bir il öncə hazır olub. Amma mobil operatorlar sistemin tətbiqini gecikdirirlər. Buna görə də, nazirlik ölkədə fəaliyyət göstərən mobil operatorları məhkəməyə verməyə israrlıdır. M. Əmirov "Mobil Nömrələrin Daşınması Sistemi"nə artıq qoşulan mobil operatorun da məhkəməyə veriləcəyini söyləyib. Nazirlik səlahiyyətlisi bildirib ki, sistemə yenicə qoşulan mobil operatorun adı məhkəməyə veriləcək mobil operatorların siyahısından çıxarılmayacaq. Çünki, bütün mobil operatorlar artıq sistemin bir ildir ki, hazır olmasına baxmayaraq, nömrə daşınması xidmətini tətbiq etməməklə nazirliyə maddi ziyan vurublar. Ona görə də həmin ziyanı ödəməlidirlər.

Ölkədə "Mobil Nömrələrin Daşınması" Sistemi"nə keçid avqust ayının 1-də etibarən baş tutmalı idi. Amma hələki mobil operatorlardan bu xidməti yalnız Bakcell şirkəti tətbiq edir.

Yada salaq ki, hazırda Azərbaycanda 4 mobil rabitə operatoru fəaliyyət göstərir. Bunlar "Azercell", "Bakcell", "Azerfon" və "Catel" şirkətləridir. Daha doğrusu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu 4 şirkətə mobil rabitə xidməti göstərməsi üçün lisenziya verib. Düzdür, "Catel" şirkətinin fəaliyyəti xeyli məhdudlaşsa da, nazirlik hələlik lisenziyanı geri almayıb. Bu baxımdan da nazirlik "Azercell" və "Azerfon" şirkətləri ilə yanaşı "Catel" şirkətini də məhkəməyə verəcək.

AzNews.az