“İran-Ermənistan yaxınlaşması 2020-ci il müharibəsindən sonra daha da intensiv hal almışdır. Burada təbii ki, geosiyasi maraqlar rol oynayır. İqtisadiyyat və digər məsələlər ikinci plandadır. İran-Ermənistan hərbi əməkdaşlığına baxmayaraq hazırda hər iki tərəf arasında xüsusi bir yaxınlaşma var. Düşünmürəm ki, yaxın zamanda Ermənistan höküməti İrandan rəsmi olaraq silah alışına başlayacaq və bu silahları ictimai formada mətbuat vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdıracaq. Elə tip silahlar var ki, onlar İranda hələ də xüsusi sanksiya altındadır. Yəni İranın o silahları ixrac etməsinə xüsusi rejimli sanksiya var. Hesab etmirəm ki, Nikol Paşinyan hökuməti belə bir riski gözə alaraq, həm Qərblə, həm də regionun digər dövlətləri ilə münasibətləri daha da qəlizləşdirsin”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Fuad Şahbazov deyib.
Siyasi şərhçi qeyd edib ki, İranın Ermənistana silah ixracı Rusiyanın özünün də narazılığına səbəb ola bilər.
“Çünki hələ də Ermənistanda hərbi bazasının mövcud olduğunu nəzərə alsaq, o silahların özü Rusiya hərbi bazasına da müəyyən potensial təhdidlər yarada bilər. Digər tərəfdən konfensional müharibədən danışırıqsa, İranın bu müharibədə iştirakı təbii ki, çox inandırıcı deyil. Bu çox qeyri-mümkün səslənir. Artıq İran uzun illərdir həm daxili, həm xarici siyasətində birbaşa olaraq hər hansı müharibədə iştirak etmir. Biz bunu hazırda İsrail-HAMAS müharibəsində görə bilərik. İranın müharibə etmək metodu əsasən proksi müharibə strategiyasına əsaslanır. İranmeyilli hərbiləşdirilmiş təşkilatlar qeyri-dövlət aktorları vasitəsilə digər dövlətlərə müəyyən təhdidlər yaradaraq, onların sərhədləri ərazisində daxili stabilliyini pozmaq istiqamətində işlər görür. Bu da nəticə olaraq proksi müharibəyə gətirib çıxarır. Bu baxımdan İranın Azərbaycana, şiə məshəbinə aid ölkəyə qarşı hərbi münaqişədə iştirak etməsi müsəlman coğrafiyasında böyük bir narazılıqla qarşılana bilər. Ona görə İran belə bir riski gözə almaz. Çünki belə olan təqdirdə şiə müsəlmanları arasında legitimlik pozulacaq və İranın əsas yumşaq güc faktorlarından biri də sıradan çıxmış olacaq. Düşünürəm ki, İran-Ermənistan hərbi əməkdaşlığına dair bütün debatlar sadəcə müvəqqəti xarakter daşıyır. Burada əsas məqsəd regionda güc balansını qoruyub saxlamaq, nə Azərbaycanın, nə də Ermənistanın xüsusi olaraq güclənməsinə imkan verməməkdir”.
Rəfiqə NAMAZƏLİYEVA