“44 günlük müharibə və bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan həm de-fakto, həm də de-yure öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Təbiidir ki, Ermənistan-Azərbaycan arasında şərti sərhəd deyilən bir zona var. Yəni iki dövlət arasında sülh sazişi əldə edilməyibsə və dövlətlərin ərazi bütövlüyü qarşılıqlı tanınmayıbsa, deməli, Ermənistan və Azərbaycan arasında müəyyən problemlər var".
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib.
Siyasi ekspert qeyd edib ki, Ermənistan-Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi və dəqiqləşdirilməsi prosesi çox mürəkkəbdir.
“Amma buna baxmayaraq, Azərbaycan tərəfi bir siyasi sənəd əsasında bu prosesi başlamalıdır. Yəni 1918-ci il Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan 114000 kvadratkilometr ərazisini bərpa etməli, tarixi torpaqlarından imtina etməməlidir. Bu baxımdan düşünürəm, cənab prezidentin çıxışında da bu məqamlar xüsusi vurğulanıb. Bu baxımdan Azərbaycan Prezidenti hansı prinsiplə bu sərhədlərin bərpa olunacağını qeyd etdi. O bildirdi ki, ya tarixi 1918-ci il Xalq Cümhuriyyətinin dövründəki xəritə əsasında bu prosesə başlanmalıdır, ya da qarşılıqlı anlaşma olmalıdır. İki dövlətin rəhbərləri arasında oturub bu məsələlər müzakirə olunmalıdır. Ümumilikdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə edilməsi üçün çox mürəkkəb situasiya yaranır. Çünki sülh sənədində əsasən qeyd ediləcək ki, qarşılıqlı şəkildə iki dövlət birbirinin ərazisini tanıyır. Biz Ermənistanı hansı ərazidə tanıyacağıq? Ermənistan bizi hansı ərazidə tanıyacaq? Sərhədlərin müəyyən edilməsi və dəqiqləşdirilməsi prosesi yoxdursa, bu, gələcəkdə sülh sazişi imzalanmasında mübahisə predmetinə çevriləcək”.
A.Məsiyev vurğulayıb ki, Ermənistan rəhbəri Paşiyanı hakimiyyətə gətirən dairələr Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə edilməsinə mane olurlar. Ermənistan dövləti bu məsələdə özlərinə vasitəçi axtararaq danışığa getmək istəyər.
“İndiyə qədər bu Ermənistan dövlətinin Qərb qüvvələrini öz arxasına alaraq Azərbaycana təzyiq etməsi, bu baxımdan da Azərbaycanla danışıqda vasitəçilərin gündəmə gəlməsində maraqlıdır. Xüsusilə də Qərbin, yəni Brüsselin, Avropa Birliyinin vasitəçiliyini gündəmə gətirmək istəyir. Bildiyiniz kimi, Qərbdən Azərbaycana qarşı qərəzli məqamlar var. Bu baxımdan biz hesab edirik ki, vasitəçi olan qüvvələr öncə neytral olmalıdır. Təəssüf ki, bu gün istər Vaşinqton, istərsə də Brüssel açıq şəkildə Azərbaycana qarşı təzyiq kampaniyasına başlayıblar ki, Ermənistan dövlətinə güzəştə gedək. Biz Ermənistan dövlətinə hansı məqamda güzəştə getməliyik? Belə çıxır ki, Azərbaycan öz tarixi dədə-baba torpaqlarından imtina etməlidir və hətta açıq şəkildə Ermənistan dövləti tələb edir ki, sərhədlərdən güzgü prinsipinə görə ordular geri çəkilməlidir. Mən öz şərti sərhədim hələ müəyyən edilmədən sərhəddəki yüksəkliklərdə olan silahlı qüvvələrimi geri çəkəcəyəm? Ancaq Ermənistan həmin qüvvələri saxlayaraq sonradan da özünün himayə etdiyi Qərbin müşahidə qrupunu yerləşdirməklə Azərbaycanın ərazi bütövlüyünü sual altında saxlayacaq? Onlar bu cür təxribat xarakterli avantürist çağırışlarla sülh sazişindən imtina edirlər.
Əslində, sülh sazişinə Ermənistan bizdən çox can atmalıdır. Çünki biz diktə edən tərəfik. Hesab edirəm ki, gələcəkdə Ermənistan qonşuluq məsələsində dinc yaşama prinsipinə riayət edəcəksə, danışıqlar davam etdiriləcək. Yox, yenə də Azərbaycana qarşı qərəzli, böhtan xarakterli və ərazi iddiaları olacaqsa, onda təbii ki, Azərbaycan da buna qarşı adekvat cavablar verəcəkdir. Düşünürəm ki, bu gün Ermənistan Azərbaycan arasında aparılan danışıqlar bir mürəkkəb situasiya yaradır. Paşinyanı hakimiyyətə gətirən qüvvələr Ermənistan üzərindən Cənubi Qafqaza girmək istəyir və Cənubi Qafqazı öz himayəsinə almaq istəyir. Hazırda hər kəsə məlumdur ki, Cənubi Qafqaz uğrunda böyük güclərin savaşı gedir. Yəni Birləşmiş Ştatlarla Rusiyanın siyasi və diplomatik savaşı gedir. Cənubi Qafqazda nüfuz uğrunda savaş gedir. Hətta prezident də çıxışlarında qeyd etdi ki, 44 günlük müharibə, yəni Azərbaycanın qələbəsi qlobal güclərin dəngələrini pozdu. Bu baxımdan yenidən Qərbin aparıcı dövləti olan Fransa və Almaniya Ermənistana həm siyasi, həm iqtisadi, həm də hərbi dəstək verməklə Azərbaycana qarşı təzyiq etmək, Cənubi Qafqazda stabilliyi pozmaq istəyirlər.
Hesab edirəm ki, bu gün Ermənistan Cənubi Qafqazda stabilliyi pozacaq dövlətdir. Böyük güclər də, Qərb də gözəl bilir ki, Cənubi Qafqazda aparıcı dövlət Azərbaycandır və lideri Prezident İlham Əliyevdir. Cənubi Qafqazdakı problemləri burada yerləşən respublikalar öz aralarında həll etməlidir. Xüsusilə də Ermənistan Azərbaycan ilə vasitəçiləri olmadan danışıqları daha asan da apara bilər. Nə qədər ki, Ermənistan avantürist davranışlarından əl çəkməyəcək, necə deyərlər, dünyadan təcrid olaraq qalacaqdır”.
Rəfiqə NAMAZƏLİYEVA