Hüquq müdafiəçisi: “Seçkilərin demokratik, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb”

19 Yanvar 2024 12:38 (UTC+04:00)

“Azərbaycanda növbədənkənar prezident seçkilərinin demokratik, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb”.

Bu sözləri secki-2024.az saytına açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, seçkiqabağı mühiti dəyərləndirərkən bir neçə amilə diqqət yetirmək lazımdır.

Hüquq müdafiəçisinin fikrincə, əgər seçkilərdən qısa müddət əvvəl Seçki Məcəlləsinə hər hansı dəyişiklik edilərsə, bu, prosesə də təsir göstərə bilər: “Amma Azərbaycanda son bir ildə Seçki Məcəlləsində hər hansı dəyişiklik baş verməyib. Bu da seçki prosesinin iştirakçılarına məlumdur və buna görə də onların hər biri bərabər imkanlara malikdir. Bu baxımdan seçkiqabağı mühit çox əlverişlidir”.

Artıq namizədlərin qeydə alınması prosesinin başa çatdığını və namizədlərin təşviqat kampaniyasına start verildiyini xatırladan Ə.Nuriyev söyləyib ki, bu iki mərhələnin hər birini müsbət qiymətləndirmək mümkündür:

“İlk növbədə qeyd etməliyəm ki, Mərkəzi Seçki Komissiyası bütün fəaliyyətini yüksək şəffaflıqla davam etdirir. Seçki öncəsi zəruri olan bütün proseslər Təqvim Planına uyğun olaraq ictimaiyyətə mütəmadi təqdim olunur və hər kəs prosesin canlı şahidinə çevrilir. Seçkinin müşahidə edilməsi ilə bağlı yerli və beynəlxalq təşkilatlara müraciət edilib və hər kəsin seçkini müşahidə etməsi üçün bərabər imkanlar yaradılıb”.