“Bizim üçün ABŞ-ın bəyanatları mühüm deyil“

7 Avqust 2013 07:04 (UTC+04:00)
İran prezidenti Həsən Ruhani avqustun 6-da yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirib.


APA-nın məlumatına görə, H.Ruhani bildirib ki, ABŞ İran xalqının müraciətini eşitməlidir: "İran xalqı seçkilərdə qəhrəmanlıq göstərdi. Bunu da bütün dünya xalqları gördü və ona münasib reaksiya verdilər. Ancaq ABŞ özünü itirdi. Biz ABŞ-ı bu cür çətin vəziyyətdən çıxmağa çağırırıq. Biz İran xalqının mənafeyinə xidmət edəcək müzakirəni müsbət qarşılayırıq. Lakin amerikalılar mütləq İran xalqının müraciətini və səsini dinləməlidirlər".

Onun sözlərinə görə, Ağ Evin son bəyanatı və sanksiyaları ABŞ-ın bəzi rəsmilərinin hələ də İranın reallıqlarından xəbərsiz olduqlarını və bu ölkənin xalqının müraciətini başa düşmədiklərini göstərir: "Bizim üçün ABŞ-ın bəyanatları deyil, əməlləri mühümdür. Biz amerikalıların bütün hərəkətlərini və tədbirlərini incəliklərinədək izləyirik və bu hərəkətləri münasib şəkildə cavablandırmaq İran xalqının təbii haqqıdır".

İran prezidenti deyib ki, Qərblə müzakirələrin gələcəyindən bədbin deyil: "Çünki Qərbin İranın müraciətini eşitmədiyini düşünmürəm: "Qərbin sanksiyaların davam etdirilməsilə nəyəsə nail olacağını təsəvvür etdiyini düşünmürəm. Əlbəttə, ABŞ kimi iki yol seçən ölkə onları bir yerə çatdıra bilməyəcək. Bu iki yol ABŞ-ın sədaqətini məchul vəziyyətlə üzləşdirir. Bizim üçün meyar ABŞ-ın praktiki siyasəti olacaq. ABŞ xoşməramlılıq, qarşılıqlı hörmət, bərabər mövqeyə əsaslanarsa və gizli işlər çevirmədən davranarsa, tərəflərin anlaşması üçün yol açıq olacaq".
H.Ruhani vurğulayıb ki, İran hökuməti öz qonşuları və region ölkələrilə münasibətlərini inkişaf etdirməyə xüsusi önəm verir: "Qonşu ölkələrlə münasibətlərin genişlənməsi hökumətin gündəmində duracaq. Regionun dost ölkələrinin köməyilə bölgədə stabillik və təhlükəsizliyin yaradılması və gərginliklərin azaldılması üçün səy göstərmək bu hökumətin proqramlarının bir hissəsi olacaq. Bu günlərdə region ölkələrinin rəsmilərilə baş tutan görüşlərdə bölgənin stabilliyi və inkişafı üçün İranın daha aktiv rolu vurğulanıb. İran qonşu və region ölkələrilə sıx əməkdaşlıq etməklə bölgədəki problemlərin həlli uğrunda əlindən gələni əsirgəməyəcək".

İran prezidenti bildirib ki, ölkəsinin nüvə proqramı milli məsələdir və onun prinsipi qorunub saxlanılacaq: "İranın nüvə hüquqları beynəlxalq qaydalara əsasən qorunacaq və xalqımızın haqqından vaz keçməyəcəyik. Ancaq bununla belə, anlaşma və dialoq tərəfdarıyıq. Vaxt itirmədən müzakirələrə başlamağa hazırıq. Əgər qarşı tərəf də ciddi hazırlığa malik olarsa, mövcud narahatlıqların qısa müddətdə aradan qalxacağına əminəm. Lakin məntiqsiz və vaxtı keçmiş tələblər nəticə verməyəcək. Reallıqla məsələ ilə davranmaq gərəkdir. İşin sərlövhəsi təhdid deyil, dialoq olmalıdır. Qarşı tərəf dərk etməlidir ki, həll yolu sırf olaraq dialoqdur və təhdid heç bir həll yolu olmayacaq. Uzun və böyük bəhslərə ehtiyac yoxdur. Mən bir prezident kimi bəyan edirəm ki, İran hökuməti xalqın hüquqlarının qorunması ilə bu məsələnin həlli üçün ciddi siyasi iradəyə malikdir. Eyni zamanda qarşı tərəfin narahatçılıqlarını da nəzərə alacaq. Ümidimiz budur ki, qarşı tərəf də bu iradəyə malik olacaq".

H.Ruhani deyib ki, İran atom-elektrik stansiyalarının (AES) inşası və təchizatların satın alınmasını davam etdirəcək: "İran parlamentinin qərarına əsasən, 200 min meqavatlıq nüvə enerjisinə ehtiyacımız var. Biz İranın özünün nüvə stansiyası yaratmasına və istehsal etdiyi yanacağı idarə etməsinə çalışırıq. İran Buşəhr AES-nin təhvil verilməsindən sonra və hətta ondan öncə də başqa stansiyaların yaradılmasını düşünürdü. Bu sahədə ilk hazırlığını elan edən ölkə Rusiyadır".

AzNews.az